ABŞ İsrailin Livana hücumlarını dayandırmağa və atəşkəsi təmin etməyə borcludur.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
"Anlaşma memorandumunun birinci bəndinə əsasən, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibə tamamilə dayandırılmalıdır", - o xatırladıb.
Əraqçi İsralin Livana hücumlarının davam etdiyini təəssüflə qabardıb: "Bununla belə, memorandumda qəbul edilmiş öhdəliklərə əsasən, bu təcavüzlərin dayandırılması, atəşkəsin bərqərar olması və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması üçün birbaşa məsuliyyət ABŞ hökumətinin üzərinə düşür".
Bundan başqa, o, F. Hüseynin Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurasının üzvləri, İran və İraq arasında səkkiztərəfli danışıqların keçirilməsi təklifini alqışlayıb və bu məsələdə Bağdadla əməkdaşlığa hazır olduqlarını bəyan edib.
***
İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqdan sonra iraqlı qardaşlarla, o cümlədən respublika Prezidenti, Baş nazir və xarici işlər naziri ilə görüşlər keçirəcəyik", - o bildirib.
Qeyd edək ki, İran ilə İraq XİN rəhbərləri Abbas Əraqçi və Fuad Hüseyn görüşüb. Müzakirə mövzuları hələ açıqlanmayıb.
.
