Rusiya Prezidenti Vladimir Putinlə Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Rusiya-Pakistan əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, enerji və humanitar sahələrdə inkişaf etdirilməsi, habelə koronavirus infeksiyasının yayılması ilə mübarizə məsələləri müzakirə edilib.

İmran Xan Rusiya Prezidentinin dekabrın 23-də illik mətbuat konfransında ifadə azadlığı bəhanəsi ilə bu və ya digər dini, milli və ya sosial qrupun ləyaqətini alçaltmaq kimi hər hansı hərəkətin yolverilməzliyi ilə bağlı bəyanatına Pakistan cəmiyyətində və bütövlükdə müsəlman dünyasında geniş dəstək verildiyini vurğulayıb.

Bu kontekstdə Vladimir Putin xatırladıb ki, Rusiya Federasiyası tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olub, burada müxtəlif dinlərə, o cümlədən islam dininə mənsub xalqlar ənənəvi olaraq birgə yaşayır və qarşılıqlı fəaliyyət göstərir.

Liderlər təmasların davam etdirilməsi barədə razılaşıblar.

Qeyd edək ki, Vladimir Putin illik mətbuat konfransında bildirib ki, Məhəmməd peyğəmbəri təhqir etmək yaradıcılıq azadlığı deyil.

 

.