İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkill edən ünsürlərdəndir. Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. 
Məlum olduğu kimi Bolqarıstanda keçirilmiş Güləş üzrə VII Avropa Çempionatında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar, Vətənə 7-si qızıl olmaqla, 16 medalla dönüblər. Bu uğur, ilk növbədə Azərbaycanda həyata keçirilən idman siyasətinin təcəssümü idi. 
İdmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqət, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Ümumxalq məhəbbəti qazanmış Olimpiya hərəkatı, olimpiya qalibləri və ölkəmizi təmsil edən idmançılar dövlətin qayğı və dəstəyi ilə tam təmin olunmuşdur. Dövlət başçısının müntəzəm olaraq qaliblərlə görüşü, onlara diqqət və qayğısı idmançılarda gələcək qələbələrə ruh yüksəkliyini, peşələrinə stimulu və onları daima dəstəkləyən qüdrətli Azərbaycana məhəbbəti formalaşdırır.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ağırlıqqaldırmanın yalnız peşəkarların məşğul olduğu pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir.

Natiq Məmmədov
YAP “Sünbül” Ərazi Partiya Təşkilatının sədr müavini
.