Səhiyyə sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qərar həm həkimlər, həm də bütövlükdə tibbi xidmətin təşkili baxımından mühüm dəyişikliklər vəd edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə gündəmə gələn əməkhaqqı islahatı Prezident İlham Əliyev tərəfindən dəstəklənib və onun icrası ilə bağlı müvafiq tapşırıq verilib.

Sentyabrın 1-dən qüvvəyə minən yeni əməkhaqqı mexanizmi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək. İslahatın diqqətçəkən məqamlarından biri yalnız əməkhaqlarının artırılması deyil, həm də ilkin səhiyyə, təcili tibbi yardım və regionlarda kadr çatışmazlığı yaşanan sahələrdə çalışan həkimlərə üstünlük verilməsidir.

Bu dəyişikliklərin səhiyyə sistemində hansı nəticələrə səbəb olacağı, regionlarda həkim çatışmazlığının və böyük şəhərlərdə xəstə sıxlığının azalmasına nə dərəcədə təsir göstərəcəyi isə qarşıdakı dövr üçün əsas məsələlərdən biri olacaq.

 

Bu artımlar dövlət başçısı, Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın həkim peşəsinə verdiyi dəyərin göstəricisidir

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Suraxanı rayonunda Təcili Tibbi Yardım Bölməsinin həkimi Ruslan Bağıyev bildirib ki, qərarda rayonlarda çalışan həkimlərin əməkhaqlarının artırılması çox mühüm amildir:

“Bu gün TƏBİB-in icraçı direktoru Anar Bayramovun keçirdiyi brifinq zamanı həkimlər üçün çox vacib bir məqam açıqlanıb. Həkimlərin əməkhaqlarında dəyişikliklər və artımlar barədə ictimaiyyətə məlumat verilib.

Bu artımlar, əlbəttə ki, dövlət başçısı, Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın həkim peşəsinə verdiyi dəyərin göstəricisidir. Ümummilli liderimiz Heydər Əliyev də həkimlik peşəsinin çox müqəddəs peşə olduğunu hər zaman vurğulayıb.

Qərarın detallarına nəzər saldıqda görürük ki, təcili tibbi yardım və təcili xidmət, eyni zamanda ailə həkimləri, yəni xəstə ilə ilk təmasda olan tibb işçilərinin əməkhaqlarında artımlar nəzərdə tutulur. Xüsusilə qərarda rayonlarda çalışan həkimlərin əməkhaqlarının artırılması çox mühüm amildir.

Bu, rayon və kəndlərdə tibbi xidmətin genişləndirilməsinə, xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, eyni zamanda həkim və digər tibbi personalın regionlarda çalışmağa daha çox maraq göstərməsinə ciddi töhfə verəcək”.

Şəhərlərdə xəstə sıxlığı və növbələr azalacaq, həkimlərin rahat işləməsinə şərait yaranacaq

 

Həkim vurğulayıb ki, rayon, kənd və qəsəbələrdə tibbi xidmətin vahid şəkildə inkişaf etdirilməsi və keyfiyyətinin yüksəldilməsi yalnız həmin ərazilər üçün deyil, böyük şəhərlər üçün də müsbət nəticələr verəcək:

“Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə xəstə sıxlığının və növbələrin azalmasına, həkimlərin isə xəstə kontingenti ilə daha rahat işləməsinə şərait yaradacaq. Beləliklə, həkimlərin bir gündə 80-90, hətta 100 xəstə qəbul etməsi əvəzinə, daha optimal sayda pasiyentlə işləməsi və hər bir xəstəyə daha çox vaxt ayırması mümkün olacaq. Bu isə nəticə etibarilə tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda, xəstələrlə iş formatının daha da təkmilləşdirilməsi baxımından da bu qərarın mühüm əhəmiyyəti olacaq.

Yeni qərardan sonra həkimlərin xaricə üz tutmasına ehtiyac azalacaq

Son illərdə, razılaşarsınız ki, xüsusilə universiteti yeni bitirmiş gənc həkimlərin xaricə üz tutması, orada təhsillərini davam etdirdikdən sonra fəaliyyətlərini həmin ölkələrdə davam etdirməsi halları artıb. Bu, artıq müəyyən mənada tendensiyaya çevrilib.

Düşünürəm ki, qəbul edilən qərardan sonra məhz bu istiqamətdə düşünən tələbələrimiz və gənc həkimlərimiz öz gələcək karyeraları ilə bağlı seçimlərini bir daha nəzərdən keçirməli olacaqlar. Onlar hansı istiqamətin peşəkar inkişafları və gələcəkdə daha rahat həyat qurma imkanları baxımından daha əlverişli olduğunu müqayisə edə biləcəklər.

Əlbəttə, bu qərar həkimlərin məsuliyyətini də daha da artırır. Həkimlər bundan əvvəl olduğu kimi, bundan sonra da öz işlərinə ciddi və məsuliyyətli yanaşmalıdırlar. Xüsusilə regionlarda, kəndlərdə, rayon və qəsəbələrdə tibbi xidmətin və həkimlərin iş potensialının artırılması bu qərarın mühüm nəticələrindən biri olacaq”.

 

Dövlətimizin qayğısı daim üzərimizdə olub

Zaqatala RMX-nın orta tibb işçisi Cənanə Yusifova bildirib ki, bölgələrdə kadr çatışmazlığı var və dövlət tərəfindən göstərilən diqqət, qayğı və əməkhaqqı artımı bəzi həkim və orta tibb işçisi çatışmazlığının aradan qaldırılmasında böyük rol oynayacaq:

“21 ildir ki, Zaqatala RMX-da orta tibb işçisi olaraq çalışıram. Hazırda İlkin Səhiyyə Xidmətlərində baş tibb bacısı olaraq fəaliyyətimi davam etdirirəm. İşlədiyim müddətdə dövlətimizin qayğısı daim üzərimizdə olub və biz bu qayğıdan, diqqətdən çox razıyıq.

Nəinki biz işçilər, Zaqatala camaatı da səhiyyə üçün göstərilən bu diqqətdən çox razıdır. Çünki insanların müxtəlif müayinələrdən keçməsi üçün bölgələrdə müəyyən aparatların dövlət tərəfindən təmin edilməsi, əlbəttə ki, hər birimiz üçün sevindirici haldır. Əvvəllər bəzi müayinələr üçün insanların başqa şəhərlərə getməsinə ehtiyac yaranırdısa, hazırda bölgələrdə tibbi imkanların genişləndirilməsi insanların öz rayonlarında daha çox tibbi xidmətdən yararlanmasına şərait yaradır.

Dövlət başçımız, hörmətli cənab İlham Əliyevə və vitse-prezidentimiz xanım Mehriban Əliyevaya çox təşəkkürlərimizi bildiririk ki, bu gün də səhiyyə işçilərinin əməkhaqqı artımı ilə bağlı müəyyən göstərişlər verilib. Bu xəbər hər bir tibb işçisində çox xoş təəssürat yaradıb.

Yeni maaş artımı regionlarda kadr çatışmazlığının azalmasına imkan verəcək

Bildiyiniz kimi, bölgələrdə kadr çatışmazlığı var. Əməkhaqlarının artırılması, xüsusilə regionlarda çalışan tibb işçilərinə göstərilən diqqətin artırılması gənc həkimlərin və tibb işçilərinin bölgələrdə çalışmağa marağının yüksəlməsinə səbəb ola bilər. Bu da öz növbəsində rayon və kəndlərdə tibbi xidmətin daha əlçatan olmasına, xəstələrin daha keyfiyyətli tibbi xidmət almasına və mövcud kadr çatışmazlığının tədricən aradan qaldırılmasına imkan verəcək.

Düşünürəm ki, bölgələrdə tibb işçilərinin əməkhaqlarının artırılması burada çalışan mütəxəssislərin əməyinin daha yüksək qiymətləndirilməsi baxımından da mühüm addımdır. Bu cür dəyişikliklər həm mövcud tibbi personalın işə motivasiyasını artıracaq, həm də yeni kadrların regionlara cəlb olunmasına müsbət təsir göstərəcək. Dövlətimizə, Prezidentimizə, TƏBİB rəhbərliyimizə öz təşəkkürlərimizi bildiririk”.

.