"Türk dünyasının Qarabağ zəfərinə göstərdiyi siyasi dəstəyi Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması və beynəlxalq birliyin üzvü olması yolundakı səylərinə də göstərilməsini gözləyirik".

Bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin xüsusi müşaviri Gökhan Güler Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə Bakıda təşkil olunan “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.

"Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən forumda Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlər bizi çox məmnun edib. Mən bu fürsətdən istifadə edib, Şimali Kiprin Azərbaycandakı Nümayəndəliyinin statusunun yüksəldilməsini zəruri sayıram", - qeyd edib.

O həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə toxunaraq, bu zəfərin həmrəylikdən qaynaqlandığını söyləyib:

"Günümüzdə baş verən hadisələr Türk dünyasının birliyini zəruri hala gətirib. "Bakı-Tbilisi-Qars" dəmir yolu çox önəmli iqtisadi layihədir. İnanırıq ki, Zəngəzur dəhlizinin açılması Türk dünyası ilə məsafəni daha da qısaldacaq. Qlobal rəqabət artdığı bir vaxtda Türk dünyasının birliyi növbəti dəfə zərurət qazanır".

.