Britaniyanın sağçı populist "Reform UK" Partiyasının lideri Naycel Faraj bildirib ki, hakimiyyətə gəlsə, kütləvi deportasiya planının həyata keçirilməsində əfqan qaçqınlar üçün istisnalar olmayacaq.

Partiyanın Birminqemdə keçirilən illik qurultayı çərçivəsində "Sky" telekanalına müsahibəsində Faraj əfqanları, o cümlədən qadınları deportasiya etmək niyyətini təsdiqləyib.

"Bəli, La-Manş boğazını keçənlər, kişilər və qadınlar, saxlanılıb deportasiya ediləcəklər", - Faraj qurultaydan kənarda deyib.

Eyni zamanda, uşaqların da deportasiya edilib-edilməyəcəyi ilə bağlı suala isə siyasətçi "Bu barədə düşünmək lazımdır" cavabını verib.

Qurultay partiyanın reytinqlərinin sürətlə artması fonunda keçirilir. "YouGov" şirkəti tərəfindən fevralda keçirilmiş sorğu göstərib ki, "Reform UK" ilk dəfə təsdiq reytinqlərində hakim Leyboristlər Partiyasını geridə qoyub. Hazırda "Reform UK" ənənəvi partiyaları reytinqlərdə təxminən 10 faiz qabaqlayır.

Xatırladaq ki, avqustda partiya növbəti seçkilərdə hakimiyyətə gələcəyi təqdirdə 600 minə yaxın qaçqının kütləvi surətdə deportasiyası planını açıqlayıb. Əfqanıstan hakimiyyətinin nümayəndəsi bu təşəbbüsü dəstəkləyib və bəyan edib ki, ölkəni idarə edən "Taliban" hərəkatı Britaniyaya qaçan bütün əfqanlara kömək etməyə hazırdır və onları qəbul edəcək.

.