Spot ticarətin (nağd bazar ticarəti – red.) genişlənməsi və son təyinat məntəqəsinin dəyişdirilməsinə imkan verən daha çevik şərtlərlə bağlanan mayeləşdirilmiş təbii qaz (LNG) müqavilələrinin payının artması regional bazarlar arasında qarşılıqlı əlaqələri gücləndirib və onların təchizat fasilələrinə davamlılığını artırıb.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA) “Qlobal qaz təhlükəsizliyinin icmalı – 2026” hesabatına istinadən xəbər verir.

Bununla belə, Hörmüz boğazından LNG axınının faktiki olaraq dayanması nəticəsində bu ilin mart-oktyabr aylarında Qətər və Birləşmiş Ərəb Əmirliklərindən yükləmələrin həcmi 60 milyard kubmetrdən çox azalıb. Bu isə Asiya və Avropada qaz qiymətlərinin 2022–2023-cü illərdəki qaz təchizatı böhranından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub.

Sənədə əsasən, hesabatın 2016-cı ildə ilk dəfə dərc edildiyi vaxtdan bəri qlobal qaz bazarı əhəmiyyətli dərəcədə dəyişib, daha çevik, likvid və qarşılıqlı əlaqəli olub. Bununla yanaşı, bazar daha mürəkkəb xarakter alıb.

Hesabatda son onillikdə baş verən struktur dəyişikliklərin qlobal qaz bazarlarını necə dəyişdiyi və bəzi regionlarda idxalçı ölkələrə Yaxın Şərqdəki hazırkı münaqişədən qaynaqlanan təchizat şokunun öhdəsindən gəlməyə necə kömək etdiyi təhlil olunur.

.