
Belarus Azərbaycanın azad edilmiş ərazilərində layihələr icra edir.
Bunu Belarus səfiri Dmitri Pineviç deyib.
“Biz xüsusilə Ağdam rayonunda fəal işləyirik. Bilirsiniz, biz orada aqroşəhərin layihələndirilməsini aparırıq. Eyni zamanda, Ağdam Sənaye Parkında birgə biznes layihəsində iştirak etməyi planlaşdırırıq”, - səfir vurğulayıb.
Hazırda əsas hədəflərinin Qarabağda fəaliyyətlərini genişləndirmək olduğunu bildirən səfir Azərbaycanın dövlət başçısına və digər məsul şəxslərə bu etimad üçün təşəkkür edib.
Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir.
“Demək olar iqtisadiyyatın elə bir sektoru yoxdur ki, biz orada əməkdaşlıq etməyək — sənaye, təhsil, biofarmasevtika və digər sahələrdə fərqli səviyyələrdə əməkdaşlıq aparırıq. Bu da bizi nikbin edir”, - səfir vurğulayıb.
Pineviç bu gün Bakıda keçirilən Azərbaycan-Belarus Biznes Forumunun əməkdaşlığın miqyasını genişləndirəcəyini qeyd edib: “Bir neçə iri infrastruktur layihəsi ola bilər, onlar ya başa çatar, ya da biznes baxımından səmərəsiz olar. Amma biz bu cür çoxsaylı görüşlər keçirməklə birgə fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayını artırırıq. Bu isə qarşılıqlı ticarət və xidmət axınında, həm də uzunmüddətli sabitlik baxımından çox vacibdir”.
.