Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,

- mərtəbələrdə quraşdırılan daxili yanğın kranlarının bir neçəsi şlanq və lülələrlə komplektləşdirilməyib, yanğın xətlərinin təzyiqli su ilə qidalanması təmin edilməyib;

- obyektdə quraşdırılan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tələb olunan səviyyədə fəaliyyət göstərməsi təmin olunmayıb;

- taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması həyata keçirilməyib;

- təxliyə qapılarının qaydalara uyğun işlək vəziyyəti təmin olunmayıb;

- təxliyə yolları hərəkətə maneə törədən əşyalarla tutulub və işıqlandırılan istiqamətverici nişanların qaydalara uyğun quraşdırılması təmin edilməyib;

- yanğın zamanı insanların təhlükəsiz şəraitdə təxliyəsi üçün obyektin bayır hissəsində mövcud təxliyə pilləkəni yanğına qarşı norma və qaydaların tələblərinə uyğun quraşdırılmayıb;

- elektrik naqilləri “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”na uyğun quraşdırılmayıb, elektrik sisteminə profilaktik baxış keçirilərək yanğına qarşı vəziyyəti dəyərləndirilməyib;

- mətbəxdə quraşdırılan sorucu çətir və borular yanğın əmələ gətirə biləcək yağ qalıqlarından təmizlənməyib;

- mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- mətbəxə daxil olan qaz xətti daxili divarların üzəri ilə, yivli birləşmələrdən istifadə edilməklə çəkilib və s.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarı zamanı baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub.

 

.