Moskva ətrafında saxta alkoqoldan kütləvi zəhərlənmə baş verib.
Virtualaz.org saytı "Vesti-Moskva” telekanalına istinadən xəbər verir ki, azı 4 nəfər ölüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib. Onların azərbaycanlılar tərəfindən satılan saxta alkoqoldan zəhərləndiyi məlum olub.
Bildirilir ki, zəhərlənmələr müxtəlif yerlərdə baş verib, ancaq onların hamısının içkini eyni mənbədən aldığı müəyyən edilib.
Moskvaətrafının Ratunovu kəndində yerləşən və elit alkoqol mağazası kimi təqdim olunan ünvanda müstəntiqlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, zəhərlənənlərdən 5-i həmin mağazadan 5 şüşə "Bakkardi” romu alanlardır. Onlardan ikisi ölüb, qalanları xəstəxanadadır.
Ekspertiza müəyyən edib ki, şüşədə rom əvəzinə texniki spirt - dəhşətli zəhərli maddə olan metanol olub.
Eyni içkidən daha dörd nəfər zəhərlənib, onlardan ikisi ölüb. Müəyyən edilib ki, saxta alkoqolun topdansatış bazası azərbaycanlılara məxsusdur. Həmin anbar iri ərzaq bazasında yerləşir. Müstəntiqlər bazada axtarış aparıblar və bir neçə nəfəri saxlayıblar.
Topdansatış bazasında 1000 şüşədən çox saxta alkoqol tapılıb. Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bildirib ki, zəhərli içkinin mağazalara paylanması halında zəhərlənənlərin və ölənlərin sayı daha çox ola bilərdi.
"Hazırda araşdırılır ki, bu içkidən daha hansı mağazalara paylanıb və onları qısa müddət ərzində yığışdırmaq üçün tədbir görülür”- deyə V.Markin bildirib.
.
