Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü başa çatıb.

Mövsümün sonuncu – XXVIII turunda dörd qarşılaşma baş tutub.

“Qarabağ” qızıl, “Neftçi” gümüş medalı öncədən təmin etdiyindən son tur yalnız bürüncün taleyinə aydınlıq gətirib. Öz meydanında “Şamaxı” ilə qarşılaşan “Zirə” qolsuz heç-heçə edərək 3-cü pilləni qoruyub.

Qəsəbə klubunun medalçılar sırasında qalmasında “Qəbələ”nin “Sabah”la görüşdəki xal itkisi səbəb olub. Qəbələ şəhər stadionundakı görüş 1:1 hesabı ilə başa çatıb.

Mövsümün son iki görüşü darmadağınla nəticələnib. Autsayderlərin duelində “Sumqayıt” “Səbail”i meydana çıxmağa peşman edib.

Çempionatın son qarşılaşmasında ölkənin iki ən yaxşısı üz-üzə gəlib. “Qarabağ” matçın taleyini erkən qollarla həll edib. Ağdam klubu bu qarşılaşmada darmadağınla qalib gələrək qızıl medalçısı olduğu çempionatı qələbə ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasına, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasına vəsiqəni öncədən təmin edib.

Premyer Liqa
XXVIII tur
21 may 

“Zirə” – “Şamaxı” - 0:0

“Qəbələ” – “Sabah” - 1:1
Qollar: Murad Musayev, 68 - Aleksey Kaşuk, 86

 “Sumqayıt” – “Səbail” - 5:0
Qollar: Anatoli Nuriyev, 4, Əli Qurbani, 35, 42, Elvin Bədəlov, 51, Vüqar Bəybalayev, 86

“Qarabağ” – “Neftçi” - 4:1
Qollar: Patrik Andrade, 5, 14 Kadi Borqes, 10, İvan Brkiç, 57 (öz qapısına) - Ramon Maçado, 71
 

.