"Agah olun və bilin ki, fəqih o şəxsdir ki, xalqa xeyir, fayda versin, onları düşmənlərdən qorusun, Allahın Cənnət nemətlərini onlar üçün artırsın.....” İmam Rza (ə)

Tariximizdə İslam mədəniyyətinə, onun inkişaf etməsinə Azərbaycan-İslam təfəkkürünün formalaşmasına xidmət edən əvəzsiz şəxsiyyətlərimiz olmuş, özlərindən sonra elmi əsərlər, dərin mənalı sözlər, unudulmaz xatirələr saxlamışlar. Bu cür şəxsiyyətlərdən biri də, Azərbaycan ilahiyyatının tanınmış simalarından biri olan Şeyx Qüdrətullahın evində dünyaya göz açan, onun elm kölgəsinin altında böyüyən Şeyx Məhəmməddir.
Atası Qüdrətullah Axund Mikayıl oğlu 1870-ci ildə Lənkəran qəzasının Dəştvənd mahalının Ərkivan nahiyyəsinin Pələngüştə məhəlləsində anadan olmuşdur. İlk təhsilini kənddə fəaliyyət göstərən mollaxanada sonra isə İranın Ərdəbil şəhərində almışdır. Təhsilini İraqın Nəcəf şəhərində davam etdirmiş, Nəcəfdə dövrünün böyük alimləri, Ayətullah Şeyx Həsən Hatəmi Lənkərani, Ayətullah Seyyid Əbülhəsən İsfəhani və Ayətullah Seyyid Kazım Kuhkəməri alimin yetişməsində müstəsna rol oynamışlar. Ustadlarından Ayətullah İsfəhani gənci təqva və imanına görə "Müqəddəs” adlandırmış, Şeyx Qüdrətullah bu ləqəblə də, tanınmışdır. Qeyd edək ki, İslam aləmində iki din alimi "Müqəddəs” təxəllüsünü daşımış, hər ikisi azərbaycanlı olmuşdur.
Şeyx Qüdrətullah ilə bərabər İmam Axund (1878-1960), Mirdaməd Axund (1859-1937), Şeyx Əsədullah (1871-1956), Şeyx Bəşir (1864-1966), Şeyx Həsən (1875-1944) kimi dəyərli din xadimləri eyni dövrdə Nəcəfül-Əşrəf şəhərində təhsil almışlar.
Təhsilini başa vurub vətənə qayıtdıqdan sonra 1924-cü ildə Astarxanbazar (iniki Cəlilabad) camaatının dəvətiylə Şeyx Qüdrətullah oraya gedərək, mərkəzi məscidin axundu olur. Çox keçmir ki, 1930-cü ildə Şeyx Qüdrətullah həbs olunur, işində cinayət tərkibi olmadığına onu yenidən azadlığa buraxırlar. Fəaliyyəti dövründə Şeyx Qüdrətullah məscid və dini mərasimlərdə şəriət qanunlarını, mənəvi dəyərlərmizi mahir ustalıqla cəmiyyətə təbliğ edir, ilahiyyat elmlərindən maraqlı söhbətlər edərək, xalqın rəğbətini qazanmışdır. 1960-cı ildə 90 yaşında dünyasını dəyişmiş, Cəlilabad şəhər qəbirsanlığında dəfn edilmişdir.
Dəyərli alimin evində 1928-ci ildə bir oğlan uşağı dünyaya göz açmış, adını Məhəmməd qoyaraq ömrünü Allahdan istəmişlər. Məhəmməd ilk ibtidai dini təhsilini atasından daha sonra Lənkəranın Digah kəndində dövrünün tanınmış xəttatı olan Molla Baba Axunddan, Lənkəranın "Giləkoba” (indiki Kiçik bazar) məhəllə məscidinin axundu Molla Baba Tahir Axunddan almışdır. Sonralar doğma ata-baba yurdu Ərkivanda atasının tələbə yoldaşı Şeyx Bəşir Axunddun yanında elmini kamilləşdirmişdir. 
Şeyx Məhəmməd dini elmlərlə yanaşı təbiət elmlərini, həndəsə, coğrafiya, riyaziyyat, təbabət, tarix, ədəbiyyatı da yüksək səviyyədə bilmişdir. Məclislərdə klassiklərmizdən (Füzuli, Nizami, Nəsimi, Xəqani, Firdovsi və b.) söylədiyi şer və qəzəlləri mahir ustalıqla şərh edər, fəlsəfi fikirlərlə hüzr məclisini-auditoriyanı heyran edir, verilən sualları cavablandırmaqda çətinlik çəkməmişdir. Sahib olduğu elm və dünyagörüşü hələ sovet dövründə, 1980-ci illərdə azərbaycanlılar üçün izahlı dini kitablara ehtiyac duyulduğu qənaətinə gəlmişdir.
Şeyx Məhəmməd əmisi qızı Tükəz xanımla ailə həyatı qurmuş, bu evlilikdən Zeynülabidin, Rza, Sadıq, Kazım, Məhəmmədbağır, Tağı adında 6 oğlan və iki qız övladı dünyaya gəlmişdir. Hazırda Şeyxin nəvə-nəticələri Cəlilabad və Bakı şəhərlərində yaşayırlar. Şeyxin bir nəvəsi onun adını daşıyır. Soy kökündən olanlar Şeyxin adına layiq Allaha ibadət edir, təqvalı olmaları ilə seçilirlər. Rza adında oğlu Bakı şəhərində din xadimi kimi fəaliyyət göstərir.
Şeyx Məhəmməd 9 sentyabr 2002-ci ildə 74 yaşında dünyasını dəyişmiş, Cəlilabad şəhərində atası Şeyx Qüdrətullahın yanında dəfn edilmişdir. Şeyxin dəfn mərasimi izdihamlı olmuş, Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı xarici ölkələrdən də, din xadimləri, ziyalı və digər yüksək rütbəli şəxslər iştirak etmişdir.

Samid Quliyev
Lənkəran rayonu Ləj kənd məscidinin Axundu,
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı,

.