Güləş üzrə Azərbaycan çempionatının görüşlərini yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş altı referi də idarə edəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.
O, Ukrayna, Qazaxıstan, Belarus və Rumıniyadan olan ədalət təmsilçilərinin turnirdə iştirak edəcəyini söyləyib.
AGF rəsmisi Bakı İdman Sarayında baş tutacaq yarışın açılış mərasiminin yanvarın 8-də keçiriləcəyini diqqətə çatdırıb. S.Musalı Azərbaycan millisinin üzvlərinin əksəriyyətinin turnirə qatılacağını vurğulayıb.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı yanvarın 7-11-i aralığında baş tutacaq. İlk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək.
.
