Vəkil Elçin Sadıqov bir neçə gün əvvəl Bakıdakı "Bulaq” restoranında baş vermiş silahlı insidentlə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə AzNews.az-a vəkil özü məlumat verib. O, hadisə ilə əlaqədar axtarışa verilmiş Samir Allahyarovun atasınım qanunsuz olaraq 3 gündür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanıldığını bildirib: "Ailəsi bildirir ki, "Bulaq" restorarında baş verən hadisə ilə bağlı axtarışda olan oğlu Samir Allahyarova görə ağır şəkər xəstəsi olan Allahyarov Rafiq Rəhim oğlunu 3 gündür BMCMİ-də girov saxlayırlar. Ailəsindən azuqə də qəbul etmirlər. Deyirlər ki, oğlu gəlsin sonra buraxacağıq. Bu 3 gün ərzində dəfərlərlə Allahyarov Rafiq Rəhim oğlunun halı pisləşdiyindən BMCMİ-yə təcili tibbi yardım gəlib. Onun həyatı təhlükədədir. Vəkili olaraq məni də görüşə buraxmırlar. Buradan açıq şəkildə daxili işlər naziri Ramil Usubova müraciət edərək xahiş edirəm ki, Allahyarov Rafiq Rəhim oğlu ilə görüşməyimə icazə verilməsi və Allahyarov Rafiq Rəhim oğlunun qanunsuz həbsdən azad edilməsinə göstəriş versin”.

Xatırladaq ki, cinayət hadisəsi aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Məlumata görə, həmin restoranda müştərilər arasında mübahisə baş verib. Mübahisə zamanı müştərilərdən biri odlu silahla digər şəxslərə doğru bir neçə dəfə atəş açıb. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. 

.