Albayrak: "Bakı limanını İpək yolunun mərkəzi halına gətirəcəyik"

"Bakı limanını İpək yolunun mərkəzi halına gətirəcəyik".

Bunu "Albayraq" Şirkətlər Qrupunun rəhbəri Ahmet Albayrak deyib.

O bildirib ki, Bakı Dəniz Limanı ilə əməkdaşlıqla bağlı 3-4 ay ərzində birgə iş aparılıb və bu gün əməkdaşlıq rəsmiləşdirilib:

"Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədi logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaqla Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya, eyni zamanda Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaqdır. Yəni, İpək yolunu yenidən canlandıracağıq" - deyə, A.Albayrak əlavə edib.

"Albayrak"ın Bakı Limanında əldə etdiyi pay açıqlanıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Gübrə terminalının 49 faizlik payı "Albayrak" şirkəti tərəfindən alınıb və investisiya şəklində qoyulub.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov "Albayrak" Şirkətlər Qrupu ilə imzalanma mərasimində deyib.

O bildirib ki, Bakı Limanında gübrə terminalının tikintisi davam edir: "Gübrə terminalının tikintisinin gələn ilin ilk üç ayında başa çatması nəzərdə tutulub.

Bundan əlavə T. Ziyadov deyib ki, Türkiyənin "Albayrak" şirkəti Bakı Limanının Ro-Ro terminalında avqust ayından etibarən birgə fəaliyyətə başlayacaq.
Onun sözlərinə görə, burada hərtərəfli yanaşma var: "Türkmənistan, Qazaxıstandakı tərəfdaş limanlar ilə birlikdə təchizat zəncirinin düzgün idarə edilməsi istiqamətində iş görüləcək".

Xatırladaq ki, Bakı Limanı Türkiyənin ən böyük holdinqlərindən olan və tərkibində 50-dən çox şirkəti birləşdirən, inşaat, sənaye, media ilə yanaşı həm Türkiyə, Avropa, həm də Afrikanın şərqində və qərbində liman idarəetməsi və qısa zamanda beynəlxalq ticarətin formalaşdırılması kimi mühüm təcrübəsi olan “Albayrak” Şirkətlər Qrupu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

.