
Avropa Komissiyası (AK) ABŞ-yə 600 milyard dollar sərmayə yatırmaq və ya ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları almaq vədlərini hüquqi cəhətdən məcburi hesab etmir.
Bu barədə AK nümayəndəsi Olaf Cill Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Brüsselin qarşıdakı üç il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırmaq vədlərinə əməl etməyəcəyi təqdirdə Aİ-yə qarşı tarifləri 15 %-dən 35 %-ə qaldıra biləcəyi barədə bəyanatını şərh edərkən belə deyib.
“ABŞ-yə bildirdiyimiz rəqəmlər niyyətimiz idi, Avropa şirkətlərinin ABŞ iqtisadiyyatına mümkün investisiyaları və onların enerji alışları ilə bağlı məcmu rəqəmlər idi. AK şirkətləri buna məcbur etmək səlahiyyətinə malik deyil və heç belə səlahiyyət axtarmır da, biz yalnız öz niyyətlərimizi qarşı tərəfə çatdırdıq”, - Cill söyləyib.
AK nümayəndəsi həmçinin Trampın Avropa mallarına tarifləri maksimum 15 % səviyyəsində saxlamaq vədini Aİ-nin ABŞ-dən aldığı “açıq-aydın öhdəliklər” adlandırıb.
.