Azərbaycan Güləş Federasiyası (AGF) və Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb.

Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə hər iki tərəfin rəsmi şəxsləri, qonaqlar və digər rəsmi nümayəndələr iştirak edib.

"Sülh naminə güləş" təşkilatının icraçı direktoru Den Rassel Azərbaycan Güləş Federasiyasının baş katibi Pərviz Piriyev ilə görüşərək əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra ABŞ və Azərbaycan komandalarının üzvləri arasında qarşılıqlı hədiyyə mübadiləsi olub. Həmçinin ABŞ millisinin üzvləri "Zəfər" Güləş Klubunun uşaqlarına imzalı posterlər təqdim ediblər. Bununla yanaşı, ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Mark Hakef ABŞ və Azərbaycanın güləş üzrə U-17 milli komandalarına və "Zəfər" Güləş Klubunun uşaqlarına hər iki ölkənin bayraqlarının nişanlarını təqdim edib.

Sonda "Sülh naminə güləş" təşkilatı və AGF arasında memorandum imzalanıb.

Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.

.