Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Arzu Nağıyev deyib ki, IV Bakı Təhlükəsizlik Forumunun 100-dən artıq dövlətin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələrini bir araya gətirməsi Azərbaycanın yaratdığı bu platformanın beynəlxalq səviyyədə artan əhəmiyyətini göstərir: “Forum artıq dördüncü dəfə keçirilməklə təhlükəsizlik sahəsində davamlı dialoq üçün formalaşmış mühüm platformaya çevrilib.100-dən artıq ölkənin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrinin iştirakı forumun coğrafi əhatəsinin və beynəlxalq marağın geniş olduğunu göstərir. Tədbirdə 600-ə yaxın yüksək səviyyəli nümayəndənin iştirak etməsi müxtəlif ölkələrin təcrübələrinin müqayisə olunması, mövcud çağırışların müzakirəsi və mümkün birgə həll yollarının axtarılması üçün geniş imkan yaradır. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də tədbirin beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm imkan yaratdığı vurğulanıb”.

Bakı Platformasına etimad artır

Arzu Nağıyev qeyd edib ki, tərəfdaş qurumların rəhbərlərinin belə geniş tərkibdə Bakıda bir araya gəlməsi platformaya olan etimadın göstəricilərindən biridir: “Bu baxımdan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın da IV Bakı Təhlükəsizlik Forumunda iştirak etməsi diqqətçəkən məqamdır. Ermənistan mediasının Baş nazir Nikol Paşinyanın mətbuat katibi Melanya Arutyunyana istinadən yaydığı məlumata görə, Kristine Qriqoryan forumda iştirak edir. Bu cür görüşlər təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin qurulması və mövcud kommunikasiya kanallarının qorunması baxımından əhəmiyyətlidir. Müasir təhlükəsizlik mühitində hər bir ölkənin qarşılaşdığı risklər bir-biri ilə getdikcə daha sıx əlaqələnir. Bir regionda baş verən böhran qısa müddətdə digər regionlara təsir göstərə, enerji və ərzaq təhlükəsizliyinə, nəqliyyat və kommunikasiya əlaqələrinə, iqtisadi və siyasi sabitliyə təsir edə bilər. Buna görə də təhlükəsizlik məsələlərinə yalnız milli sərhədlər çərçivəsində yanaşmaq artıq kifayət deyil”.

Ortaq təhdidlərə qarşı ünsiyyət kanalları qorunmalıdır

Parlamentin komitə sədri hesab edir ki, müxtəlif dövlətlərin siyasi yanaşmalarında və mövqelərində fərqlər ola bilər, lakin bu fərqlər ortaq təhlükələrə qarşı əməkdaşlıq imkanlarını məhdudlaşdırmamalıdır: “Əksinə, belə vəziyyətdə təhlükəsizlik qurumları arasında açıq və etibarlı ünsiyyət kanallarının qorunması daha böyük əhəmiyyət daşıyır. Transsərhəd çağırışlarla təkbaşına mübarizə aparmaq mümkün deyil. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz silah dövriyyəsi və digər təhlükələr dövlət sərhədləri ilə məhdudlaşmır. Ona görə də bu çağırışlara qarşı etibarlı tərəfdaşlıq, operativ məlumat mübadiləsi və əlaqələndirilmiş fəaliyyət vacibdir”.

Təhlükələri baş verməmişdən əvvəl müəyyən etmək lazımdır

Arzu Nağıyev deyib ki, təhlükəsizlik siyasətində yalnız baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılmasına fokuslanmaq kifayət deyil: “Əsas məsələlərdən biri risklərin əvvəlcədən müəyyənləşdirilməsi, onların mümkün inkişaf istiqamətlərinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsidir. Prezident İlham Əliyevin müraciətində də təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınmasının vacibliyi xüsusi vurğulanıb. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və məlumat mübadiləsinin effektivliyinin artırılması mühüm şərtdir. Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki müasir təhlükələr bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı təsir şəraitində meydana çıxır və inkişaf edir. Bu yanaşma dövlətlərin mümkün ssenarilərə daha hazırlıqlı olmasına, təhlükəsizlik mexanizmlərinin çevik qurulmasına imkan yaradır”.

Texnologiyalar yeni təhlükəsizlik çağırışları yaradır

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vurğulayıb ki, müasir texnologiyaların sürətli inkişafı təhlükəsizlik sahəsində həm yeni imkanlar, həm də yeni risklər yaradıb: “Xüsusilə kiberməkan, süni intellekt və digər rəqəmsal imkanların bədniyyətli məqsədlərlə istifadəsi təhlükəsizlik qurumlarının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin müraciətində də süni intellekt və rəqəmsal imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi, radikal ideyaların yayılması və terror şəbəkələrinin imkanlarının artırılması üçün istifadəsinin narahatlıq doğurduğu qeyd edilir. Bu cür çağırışlar təhlükəsizlik orqanları arasında təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsini zəruri edir. Açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar mürəkkəb təhlükələrin daha çevik müəyyənləşdirilməsinə və qarşısının alınmasına şərait yaradır”.

Bakı Forumunun praktiki əhəmiyyəti artır

Arzu Nağıyev bildirib ki, etimad böhranının dərinləşdiyi və qarşılıqlı anlaşmanın çətinləşdiyi bir vaxtda milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi və beynəlxalq sabitliyin qorunması bütün dövlətlər üçün fundamental prioritetdir: “Bu baxımdan Bakı Təhlükəsizlik Forumu yalnız fikir mübadiləsi aparılan tədbir deyil, həm də xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm platformadır. Forumun əsas üstünlüklərindən biri odur ki, müxtəlif ölkələrin nümayəndələri ortaq təhlükələri müzakirə etmək, öz təcrübələrini bölüşmək və praktiki əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün bir araya gəlirlər. Bu dialoqun davamlı olması və əldə olunan müzakirələrin konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsi beynəlxalq təhlükəsizliyə mühüm töhfə verə bilər”.

.