Ağ Ev ABŞ Konqresində Pentaqonun Müharibə Nazirliyi adlandırılması məsələsinə dair səsvermə prosedurundan yayınmaq istəyir.

Bu haqda “Politico” nəşri öz mənbələrinə istinadən yazır.

“Adın rəsmi olaraq dəyişdirilməsi üçün, çox güman ki, konqresin icazəsi tələb olunacaq. Gedən müzakirələrlə tanış olan şəxs bildirib ki, Ağ Ev konqresdə səsvermədən yan keçməyin yollarını axtarır”, - deyə nəşrin yazısında qeyd olunur.

Bundan əvvəl Tramp Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin (Pentaqon) adının “Müharibə Nazirliyinə” dəyişdirilməsi haqda sərəncam imzaladığını bildirmişdi.

Onun sözlərinə əsasən, “Müdafiə Nazirliyi” adı həddən ziyadə liberal səslənir, dünyadakı prosesləri nəzərə alaraq “Müharibə Nazirliyi” daha yerinə düşür.

Bu arada, Pentaqon rəhbəri Pit Heqset isə belə bir maraqlı fikir səsləndirib ki, ABŞ-də 1947-ci ildə Müharibə Nazirliyinin adının Müdafiə Nazirliyinə dəyişdirilməsindən sonra Amerika bir müharibədə belə qalib gələ bilməyib.

.