Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Məmmədova ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib. O, 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadaraq ondan 23 min manat almaqda ittiham olunub.
Törətdiyi cinayət əməlinə görə, N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

.