Bakı Apellyasiya Məhkəməsində silahlı insident törətməkdə ittiham olunan Bakı şəhər sakini Sənan Dünyamalıyevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rizvan Səfərov sədrlik edib. Prosesdə qərar elan edilib. Qərara görə, Sənan Dünyamalıyevin apellyasiya şikayəti təmin edilməyib.
Hadisə 6 iyun, 2015-ci ildə ildə "Kral” şadlıq sarayının binasında baş verib. S.Dünyamalıyev özündə olan "Shurshill” markalı ov tüfəngindən atəş açıb, atəş nəticəsində şadlıq sarayının pəncərə şüşələri sınıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Sənan Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində "Neftçi” təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu "Kral” şadlıq sarayının qarşısına "razborka”ya çağırıb.
Sənan Dünyamalıyev, Cavid Ağalarov, Bəhman Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Şəhriyar Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər.
Bu zaman Sənan Dünyamalıyev gəldikləri avtomaşından "Vinçester” tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə "Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil verib.
O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilib.
Törətdiyi cinayət əməlinə görə Sənan Dünyamalıyev 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Sənan Dünyamalıyev apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.
Qeyd edək ki, Sənan Dünyamalıyev universal döyüş üzrə dünya çempionu olub. O, 2010-cu ildə tanışı Cavid Ağalarovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslərin hər birinə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
"İnter” Peşəkar İdman Klubunun üzvü olan Sənan Dünyamalıyev 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.
.
