
"Reaksiya Media Group" bu gün 10 yaşını qeyd edir.
"Reaksiya.az" saytının təsisçi və baş direktoru Zaur Qəriboğlu 10 illik fəaliyyəti və gələcək planları ilə bağlı AZXEBER.COM-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Zaur bəy, bu gün Reaksiya.az-ın 10 yaşı tamam olur. Geriyə baxanda 10 ili necə qiymətləndirirsiniz?
- On il öncəni qiymətləndirərkən onu deyə bilərəm ki, bu illər çox keşməkeşli keçib. Həmin vaxtlarda qarşımızda çox maneələr, çox problemlər oldu. Amma biz bunlara sinə gərdik, dayandıq, dözdük, "hər şey Vətən üçün" dedik. "Reaksiya TV"yə gəlincə isə deyə bilərəm ki, tv kanalımız portaldan 3 il sonra yaranıb. Düşünürəm ki, "Reaksiya TV" bu gün arzuladığım yerdədir. Ancaq etiraf edim ki, "Reaksiya TV"nin bu yerə gəlməsi çox çətin oldu. Amma əsas odur ki, oldu. Bir şeyi etiraf edim ki, mən ümumiyyətlə çox arzulayan adam deyiləm. Yəni, böyük şeylər arzulamıram, kiçik şeylərdən başlayıram. Mənə elə gəlir ki, bu yetərlidir. Onu da xüsusi vurğulayım ki, heç vaxt heç kimlə rəqabətə girməmişəm. Heç belə bir fikrim də yoxdur. Niyə filankəsə çox baxıldı, bizə az baxıldı, belə şeyləri heç düşünməmişəm. Yeni başlayanda bizə üç nəfər baxırdı. Onlardan biri qarşımdakı telefonum idi, ikincisi efiri idarə edən şəxs idi. üçüncü adam isə kim idi bilmirəm, təsadüfən qabağına çıxmışdı. Üç nəfər baxırdı və bu məni narahat eləmirdi. Yəni, baxış sayımdan heç vaxt rahatsız da olmamışam. Bu gün isə kifayət qədər izləyicimiz var və bunu sevindirir.
- Efirlərinizdə bir çox məmuru tənqid edirsiniz. Bu illər ərzində daha çox dost qazanmısınız yoxsa düşmən?
- Mənə elə gəlir ki, bu illər ərzində dost qazanmışam, çünki bizim düşmənimiz yoxdur. Azərbaycanın düşmənləri bizim düşmənlərimizdir, dövlətin düşmənləri bizim düşmənlərimizdir. Əks halda tənqid etdiklərimiz belə mənim düşmənlərim deyirlər. Tənqid etmək düşmən olmaq demək deyil. İnsan öz dostunu tənqid edə bilər ki, yaxşı mənada özünü düzətsin. Yəni, bizim tənqiddə heç bir məqsəd, məram, pislik olmayıb. Məmuru tənqid etmişiksə, Azərbaycan üçün etmişik ki, o özünü düzətsin, dövlətə doğru düzgün xidmət eləsin.
- Sayt yoxsa TV? Özünüzü daha çox harada rahat hiss edirsiniz?
- Mən yaradıcı adamam. Mənə belə gəlir ki, zamanım, vaxtım olsaydı oturardım, yazılar, kitab yazardım. TV məni onlardan uzaqlaşdırdı, yaza bilmirəm, vaxtım olmur. Yazıram, amma çox az-az yazıram. Və yazdığımı da nadir hallarda çap edirəm. Ancaq çox hallarda çap etmirəm, saxlayıram. Məsələn, şəxsimə desəniz daha çox yazmağın tərəfdarıyam. Yazanda daha çox özümü ifadə edə bilərəm deyə düşünürəm. Amma indi taleh belə gətirib ki, TV-dəyəm.
- Qarşıda hansı planlarınız var?
- Yenə deyirəm mən böyük planlar quran adam deyilim. Mən kiçik hadisələrdən xoşbəxt olmağı bacarıram. Qarşımda böyük bir arzularım, niyyətlərim yoxdur. Elə olduğum yerdə davam etmək, qismət olarsa öz yerimdə irəliləmək haqda düşünürəm.