Biz Azərbaycanın beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını sürətləndirməyə, yükdaşıma prosedurlarını sadələşdirməyə və qanunvericilik bazasının optimallaşdırılmasına yönəlmişik.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının perspektiv inkişafı"na həsr olunmuş konfrans zamanı bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinə yüklərin tranzitini təmin etmək üçün limanların, avtomobil və dəmir yollarının yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Beynəlxalq daşımalara icazə blanklarının verilməsinin yeni üsulu tətbiq edilib və müvafiq komissiya yaradılıb.

Anar Rzayev nəqliyyat daşımalarının inkişafında TRACECA-nın əhəmiyyətini qeyd edib: "Bu istiqamətdə ötən ilin nəticələrinə görə artım qeydə alınib. Belə ki, 2021-ci ildə TRACECA-nın Azərbaycan hissəsi ilə 39 mln. yük daşınıb və 3% artım olub. Bu yüklərin 21 mln. tonu avtomobil daşımalarının payına düşüb və burada da artım qeydə alınıb. Nəqliyyat sektoru beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, bu sektor sürətlə inkişaf edir və təkcə daxili bazar üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradır. Mövcud reallıqlar regiona mal axınının cəlb edilməsini və bu istiqamətdə fəal işin aparılmasını tələb edir.

.