"Sənət dostum Gülüstan Əliyeva Heydər Əliyev Sarayında keçirəcəyi konsertini təxirə saldı. Buna görə mən ona təşəkkür etdim”. 
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib. O, G.Əliyevanın bu addımını yüksək qiymətləndirdiyini qeyd edib: "Onun özü şəhid ailəsindəndir. Şəhid ailələrinin dərdini ondan çox duyan olmaz. Şəhidlərimiz var, düzdür qələbə qazanmışıq, amma eyni zamanda acımız da var. Ölənlər bizim millətimizin balalarıdır, cavan oğlanlardır, həyatlarını vaxtsız itiriblər. Torpaq uğrunda canlarından keçiblər. Ona görə də bu aralarda diqqətli olmalıyıq. Qoy onların ailələri də görsün ki, millət olaraq onların yanındayıq, acıları da bizim acılarımızdır. Bu gün elə bir həssas zamandır ki, hamı ordu ilə bir yerdə olmalıdır”.
M.İbrahimov cəbhə bölgəsində şahidi olduğu anlardan da danışıb: "Qarabağda, xüsusən də Ağdamda vəziyət çox yaxşıdır. Hər şey ordumuzun nəzarətindədir. Bir hadisənin şahidi oldum. Təmas xəttinə lap yaxın məsafədə biz sakinlərlə görüşdük. Sakinlər əkin-biçinlə, təsərrüfatla məşğuldurlar. Ermənilərin bir fəndi var, onlar daha çox mülki əhalini vurmağa çalışır. Kəndlərdə çaxnaşma yaradır ki, sakinlər qaçsınlar. Bu dəfə bir sakin də evindən çıxmadı, onlar elə başa düşür ki, 90-cı illərdir. Elə bilirlər ki, kəndə bir raket atan kimi evlərini qoyub qaçacaqlar. Biz bütöv Qarabağın alınmasını gözləyirik”.

.