Sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev müdafiə etdiyi şəxsə qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.
T. Babayev Azadlıq qəzetinin əməkdaşı ilə telefon söhbətində bildirib ki, Ə.İnsanova qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlar əsassızdır. "Bir az əvvəl onunla cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində görüşdüm. Heç bir problemi yoxdur”, – deyə vəkil qeyd edib.
***
"Deyəsən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür. Məlim olduğu kimi Ə.İnsanovun 12 illik həbs cəzasını tam çəkib qurtarmağına bir neçə ay qalırdı”. Bu fikirləri tanınmış vəkil Namizəd Səfərov özünün facebook səhifəsində yazıb.
Onun yazdığına görə, sabiq nazir artıq saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı-İstintaq Təcridxanasına aparılıb. Məlumata görə, Əli İnsanova Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açılıb.
