Şarl de Qoll tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlərdən biridir. O, 1890-cı ildə doğulub, İkinci Dünya Müharibəsi illərində Fransanın məğlubiyyətindən sonra müqavimət hərəkatına rəhbərlik edib. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı yeni hökümətin yaradılması haqqında tapşırıq alıb və bu ərəfədə beşinci respublikanın əsasını qoyub. Fransanın 18-ci prezidenti olub.
 
 
 
1944-cü ildə Şarl de Qoll İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun izi ilə rəhbərlik etdiyi müvəqqəti Fransa hökümətinin nümayəndə heyəti, eləcə də xarici işlər naziri Jorj Bido ilə  Moskvaya getmək üçün Tehrandan Bakıya gəlib. Onu hava limanında Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırov və SSRİ-nin Xarici İşlər üzrə Xalq Komissarlığı Təşkilatının əməkdaşları qarşılayıb,  "Hacinski evi”ndə yerləşdiriblər.
 
 
Əhmədiyyə Cəbrayılov (Armed Mişel) həm Fransa xalqının qəhrəmanı, həm də de Qollun yaxın dostu idi. O, Fransanın 5 ali mükafatına- "Müharibə xaçı", "Hərbi şücaət xaçı", "Igidliyə görə medal", "Fransa Müqavimət hərəkatı medalı", "Yaralanmağa görə medal"lara layiq görülüb.
 
 
 
Şarl de Qoll Əhmədiyyə Cəbrayılovu tanıdığı illərdən Azərbaycan incəsənəti və mədəniyyəti ilə az da olsa tanış idi. Amma 1944-cü ildə Bakıya təşkil edilmiş səfərdə bu məlumatlar daha da genişlənib, hətta Qız Qalasını və İçərişəhəri gəzən general bu yerlərə heyran olub və Bağırovdan iki tarixi məkanın sxemini xahiş edib. Elə həmin gün- noyabrın 27-də, Azərbaycan Dövlət Opera və Balet Teatrında general öz istəyi ilə Ü.Hacıbəylinin "Koroğlu" operasına tamaşa edib.
 
 
Şarl de Qoll Mircəfər Bağırovdan bu opera ilə bağlı xahiş edəndə o, Üzeyir Hacıbəylini yanına çağırır. Bağırov Üzeyir bəyə qonağın istəyini söyləyir. Bu zaman Üzeyir bəy operanın hansı dildə səsləndiriləcəyini soruşur. Bağırov isə "bura Azərbaycandır və təbii ki, opera da Azərbaycan dilində səsləndiriləcək” deyir. Və məşhur "Koroğlu” operasını de Qoll Stalindən fərqli olaraq Azərbaycan dilində dinləyir.
 
 
De Qoll "Koroğlu” operasına baxarkən operanın müəllifi, görkəmli bəstəkar Üzeyir Hacıbəyli ilə daha yaxından tanış olur. Səmimi keçən görüşdə qonaq tamaşadan çox məmnun olduğunu söyləyir. Həmçinin de Qoll ötən əsrin əvvəllərində Fransa mətbuatında tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə bağlı danılmaz fəaliyyəti olan Ceyhun bəy Hacıbəyli barədə Üzeyir bəylə danışır. Onun sayəsində 1925-ci ildə bəstəkarın "Arşın mal alan” operettasının fransız dilinə çevrilərək Parisdə tamaşaya qoyulması barədə də bilgili olduğunu qeyd edir. Daha sonra onlar birgə foto çəkdirirlər.
 
 
 
Dahi bəstəkar operasının məzmununu de Qolla izah etmək istərkən, o, "Koroğlu” dastanı ilə tanış olduğunu, Fransada çıxan "Vətən xatiratı"nda oxuduğunu qeyd edir. De Qoll Üzeyir bəydən operanın orijinal əlyazmasını ona hədiyyə etməsini xahiş edir. Bunu Fransa generalı əsəri bəyəndiyini, ondan zövq aldığını və dahi bəstəkarla tanışlığından məmnun olduğunu səbəb göstərərək istədiyini dilə gətirir. Lakin bəstəkar bu təklifdən nəzakətlə imtina edir. Pərt olan general onu müşayiət edən şəxslərlə birlikdə xüsusi qatarla Bakıdan Moskvaya yola düşür.
 
 
Bakı barədə maraqları o qədər çox olur ki, Bakıda 6 ay müddətində gizli yaşamaq barədə Mircəfər Bağırovdan xahiş edir və onu KQB-nin xüsusi nəzarəti altında qoruyurlar.
 
 
General hər gün səhər Xəzər dənizi sahillərində dolaşır, sonra əlində qeyd dəftəri İçərişəhəri gəzir və Qız Qalası barədə məlumatlar toplayırdı. Onun xüsusi marağı Azərbaycan dastanları və əsasən də "Koroğlu” ilə bağlı nəşr olunan bütün məqalələr, kitablarla yanaşı, əlyazmalar idi. O, dəfələrlə "Koroğlu” operasının orijinal nüsxəsini əldə etmək istəsə də, Üzeyir bəyin əlyazmalarına əli çatmır. Lakin Qız Qalası, İçərişəhər, Xəzərin sahilboyu ərazilərinin sxemini əldə edə bilir.
 
 
Bakıda araşdırma aparandan sonra Parisə geri dönən Şarl de Qoll sonuncu dəfə 1958-ci il iyunun 10-da Fransa neftçilərinin nümayəndə heyəti ilə Azərbaycana səfər edib.
 
 
Fəxrəndə Dəmirova
 

Fotolar:

.