Noyabrın 21-də Ukrayna Ali Radası müxalif lider, sabiq baş nazir Yuliya Timoşenkonun xaricdə müalicəsinə imkan verən layihəni səsverməyə çıxarıb və qəbul etməyib. Layihənin qəbul olunması üçün 226 deputatın səsi lazım olsa da, onu 195 deputat dəstəkləyib.
2011-ci ildə Timoşenko 7 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə sabiq baş naziri 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən vəzifə səlahiyyətlərini aşaraq Ukrayna dövlətinə təqribən 187 milyon dollar zərər vurmaqda təqsirli bilib.
"Media forum” saytı xəbər verir ki, müxalif deputatlar parlamentin bugünkü qərarını "biabırçılıq” qışqırıqları ilə qarşılayıb.
Parlament sədri isə Timoşenkonun müalicəsi ilə bağlı sənədlər üzərində işi davam etdirməyi tapşırıb. Qanun layihəsi Cəzaların İcrası Məcəlləsinə məhkumların məhkəmə qərarı ilə xaricdə müalicəsinə imkan verən dəyişiklikləri nəzərdə tutur.
Timoşenko onurğa sütununda ağrılardan əziyyət çəkir.
.
