Türkiyənin Mersin şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Universitet tələbəsi 20 yaşlı Özgecan Aslan evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. Türkiyə mediasında yer alan məlumatlara görə, 20 yaşlı gənc, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib. İddialara görə, mikroavtobus sürücüsü və onun yanında olan digər 2 şəxs gənc qızı qaçırıblar. Qızı meşəlik əraziyə aparan 3 şəxs onu döyərək, təcavüz ediblər. Daha sonra isə yandıraraq dərəyə atıblar. Qatilərin tapılması üçün şəhərin hər tərəfində şüphəli axtaran polislər nəhayət ki, cinayəti törədənləri tapa biliblər. 
Cinayət baş verən gün həmin bölgədə olan polislər 3 nəfəri saxlayıb. Belə ki, 33 B 8756 markalı mikroavtobusun sürücüsü 26 yaşındakı Suphi, polislərə əsas yola necə çıxa biləcəyini soruşub. Polislər isə Suphiyə yolu göstəriblər. Lakin sürücünün meşəyə doğru getdiyini görən polislər şübhələnməyə başlayıblar. Saxlanılan mikroavtobusda qan izlərinə rast gəlinib. Mikroavtobusda olan 50 yaşlı Necmettin və 20 yaşlı Fatih, yolda qalmış iki nəfəri avtomobilə aldıqlarını və onların dava etdiklərini iddia edib. Fatih, Necmettin və Suphi, qan izlərinin də onlardan qala biləcəyini iddia ediblər. Saxlanılan 3 şəxs ifadələri alındıqdan sonra sərbəst buraxılıb. 
Cinayət polislərə məlum olduqdan sonra isə qatillərin həmin 3 şəxs ola biləcəyi üzərində dayanılıb. Mikroavtobus yenidən tapılıb. Necmettin və Fatih hər şeyi etiraf ediblər. 26 yaşlı Suphi isə hələ də axtarılır. Cinayət haqqında ətraflı məlumat isə araşdırmalardan sonra açıqlanacaq.
Özgecan Aslanın qəddarlıqla öldürülməsinə görə Türkiyənin bəzi şəhərlərində yürüş keçirilib. Gənc qızın anası isə göz yaşlarına boğularaq bunları deyib: "Səhər südünü içdi. Xərcliyini verdim getdi. Üç gün əvvəl telefonu xarab olmuşdu. Tələbə yoldaşının telefonundan bacısına "Anam narahat olmasın. 20.00-da Mersindəyəm" deyə mesaj göndərib. Gözlədim, gözlədim gəlmədi. Saatlar keçdi. Gəlməyincə polisə getdim."


.