ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa ilə görüşündə daha bir qeyri-standart diplomatik yanaşma nümayiş etdirib. ABŞ lideri suriyalı həmkarına qeyri-adi hədiyyə - ətir bağışlayıb. Özü də sadəcə şüşəni verməklə kifayətlənməyib.
Oxu.Az xəbər verir ki, iki liderin görüşünün bu hissəsinin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, Tramp hədiyyəsini şəxsən nümayiş etdirib və təkcə Suriya prezidentinin deyil, xarici işlər naziri Əsəd əş-Şibaninin üstünə də bolluca sıxıb. Trampın bu hərəkəti diplomatlar arasında çaşqınlıq yaradıb.
Bu gözlənilməz jestdən sonra onlar arasında maraqlı dialoq baş verib.
"Bu ətir sizin üçün, digəri isə xanımınız üçündür. Neçə xanımınız var? Bir?" - deyə Tramp, görünür, müsəlman ölkələrində çoxarvadlılıqla bağlı stereotiplərə əsaslanaraq həmkarından soruşub.
"Bir", - deyə əş-Şaraa lakonik cavab verib.
"Sizinlə, uşaqlar, heç vaxt heç nəyi dəqiq bilmək olmur!" - deyə Tramp təəccübünü gizlətmədən cavab verib.
Bu diplomatik epizod Trampın beynəlxalq aləmdə qeyri-rəsmi ünsiyyətə meylini bir daha nümayiş etdirib ki, belə hallar həm danışıqların iştirakçılarında, həm də dünya ictimaiyyətində tez-tez birmənalı olmayan reaksiyalar doğurur.
.
