ABŞ öz ərazisində yarımkeçiricilər istehsalı üzrə ən böyük müəssisələrin tikintisini aparır ki, bu da perspektivdə ölkəyə mikrosxemləri xaricdən almaq zərurətindən tamamilə qurtulmağa imkan verəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "WABC" radiostansiyasına müsahibəsində bildirib.
"Biz çip istehsalını öz ərazimizə qaytarırıq. Əvvəllər bizim çiplərimiz yox idi - onları bizdən alıb Tayvana verdilər. İndi isə bütün şirkətlər geri qayıdır, biz çip istehsalı üzrə dünyanın ən böyük müəssisələrinin tikintisini, əsasən də, Arizona ştatında aparırıq. Gələcəkdə bizim mikrosxemləri idxal etməyimizə daha ehtiyac qalmayacaq", - o bildirib.
Bundan başqa, Amerika lideri vurğulayıb ki, Birləşmiş Ştatlar dərman preparatları və tibbi texnikanın xarici tədarükündən asılılığı azaltmaq niyyətindədir. Onun sözlərinə görə, "Eli Lilly", "Pfizer" və "Merck" kimi iri korporasiyalar artıq ABŞ ərazisində yeni istehsal gücləri inşa edir.
"Tibbi avadanlıqlar sahəsi rekord göstəricilər nümayiş etdirir, çünki şirkətlər istehsalı geri qaytarmasalar, müəssisələrini Almaniyada və ya digər ölkələrdə yerləşdirdikləri halda, əhəmiyyətli gömrük rüsumları ödəməli olacaqlar. Buna görə də onlar [zavodları] burada tikirlər", - Tramp qeyd edib.
.
