Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı vuruşmaqda təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Hüseyn Məmmədov 14 il, Nicat Abbasov isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaq yolu ilə müəyyən edilib ki, Nicat Abbasov və Hüseyn Məmmədov bir qrup şəxslə əlbir olaraq xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, terror təşkilatı kimi tanınan "ən-Nüsra Cəbhəsi” adlı cinayətkar birliyin tərkibinə daxil olan, Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər. Bu cinayətlərə görə onlar Suriya Ərəb Respublikasında məhkum olunmayıblar.
Məhkəmə prosesi boyunca təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.
Təqsirləndirilən Hüseyn Məmmədov ifadəsində Suriyaya yaxın ərazidə cəmisi iki gün olduğunu, ora təhsil dalınca getdiyini, başqa niyyətinin olmadığını deyib: "Orada vuruşmaqdansa öz torpaqlarımızı qoruyaram. Mən ora təhsil almaq üçün getmişdim. Suriya ərazisində ümumiyyətlə olmamışam. Orada din adından vuruşanların İslama heç bir aidiyyəti yoxdur”.
Təqsirləndirilən Nicat Abbasov isə ümumiyyətlə sərbəst ifadə verməkdən imtina edib.
İbtidai istintaq zamanı isə təqsirləndirilən Hüseyn Məmmədov ifadəsində 2013-cü ilin yayında Türkiyənin Qaziantep şəhərində yaşayan Abu Yamin adlı şəxslə skayp vasitəsilə tanış olduğunu, ondan Türkiyədən Suriyaya cihad etmək üçün keçməyin mümkün olub-olmadığını soruşub. Abu Yamin də bunun mümkün olduğunu deyib: "Suriyaya gedib cihada qoşulmaq istədim. Qaziantep şəhərinə gedib Abu Yaminlə görüşdüm, orada qaldım. Sonra onun vasitəsilə qaçaq yolla keçərək "Cəbhətul əl-Nüsra” təşkilatının tərkibinə daxil olan Erol adlı türk vətəndaşının rəhbərlik etdiyi "Cundullah Şam Dəvəti İbrahim” adlı silahlı dəstəsinə qoşuldum. Həmin dəstənin tərkibində dini və hərbi təlimlərdə iştirak etdim.
Amma təlimlərlə kifayətlənib məni döyüşə buraxmadılar. 2014-cü ilin mart ayının əvvəllərində əslən Yevlaxdan olan Nicat Abbasovun da Suriyada "Cəbhətul əl-Nüsra” tərkibində olduğunu eşitmişdim. Bir müddət sonra, təxminən 2014-cü ilin aprel ayında dövlətə qarşı vuruşan müxtəlif silahlı qruplaşmalar arasında - İŞİD, "əl-Qaidə”, "Cəbhətul əl-Nüsra” toqquşmalar baş verdi. Buna görə də orada vəziyyət qarışdı. "əl-Qaidə” terror qruplaşmalarının üzvləri məni və digər mühacirləri tərksilah edib əsir götürdülər. "əl-Qaidə”yə biət etməyi, ya da ki, Suriyanı tərk etməyi tələb etdilər. Beş-altı gün əsir saxlanılandan sonra Suriyadan Türkiyəyə qovdular.
Qaziantepə qayıdanda Nicat Abbasovla rastlaşdım. Birlikdə Azərbaycana qayıtdıq. Azərbaycan-Gürcüstan sərhəddində MTN əməkdaşları tərəfindən yaxalandıq”.
Təqsirləndirilən şəxs qismində istintaq zamanı dindirilən Nicat Abbasov ifadəsində Abu İshaq adlı türk vətəndaşı ilə skayp vasitəsilə tanış olduğunu, həmin vaxtlar Suriyada baş verən hadisələri görüb oraya gedib cihad etəm qərarına gəldiyini göstərib: "2014-cü ilin yanvar ayında Balakən rayonundan keçib Türkiyəyə getdim, Abu İshaqla görüşdüm, cihad etmək üçün Suriyaya getməkdə yardımçı olmasını xahiş etdim.
10 gün orada qaldım. Onun vasitəsilə Suriyaya getdim. Sərhəd açıq olduğundan heç kim sənəd istəmədi. Sarma şəhərində məskunlaşdım və "Cəbhatul əl-Nüsra” qruplaşmasının tərkibinə daxil oldum. Hərbi təlimlərdə iştirak etsəm də məni döyüşə buraxmadılar. Bunu ərəb dilini zəif bilməyimlə əlaqələndirdilər. "əl-Qaidə” tərəfindən əsir götürüldüm, on gün əsir saxlanılandan sonra bizi Türkiyəyə qovdular”.
