Dünən Siyəzən şəhərində sosial tələblərlə başlayan etiraz aksiyası zamanı polislə toqquşma yaranıb.
Ötən axşam polis aksiya iştirakçılarının həbsinə başlayıb. Lakin yanvarın 13-də səhər yüzlərlə adam İcra Hakimiyyətinin qarşısına toplaşaraq saxlanılanların azad olunmasını tələb edib.
Polis aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Şəhərə DİN-in xüsusi bölmələri gətirilib.
Yerli polis bölməsindən etiraz aksiyası və saxlanılanlar barədə məlumatı Turan agentliyinə təsdiqləyiblər. Mənbənin məlumatına görə, aksiya dağıdılıb, çünki şəhər hakimiyyəti ilə razılaşdırılmayıb.
Etirazların qarşısının alınması üçün güc tədbirləri davam etdirilir.
Xatırladaq ki, yanvarın 12-də ölkənin dörd rayonunda - Lənkəran, Füzuli, Siyəzən və Ağcabədidə qiymət artımına yol verilməməsi tələbilə analoji etiraz aksiyaları keçirilib.
Hökumət bu etirazları şərh etmir. Lakin Lənkəran rayon başçısı bildirib ki, adamlar spirtli içkilərin nağd satışına qadağa qoyulmasından narazıdır.




.