“Keçən il üçün proqnozumuzda inflyasiya 3 % idi, amma faktiki 6 %-dən çox olub”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, inflyasiyanı proqnozlaşdıra bilməmişik: “Dünyada heç kim onu proqnozlaşdıra bilməyib. İnflyasiyanın nəzərdə tutulduğundan 2 dəfə artıq olmasının təsirini görürük. Xarici malların qiyməti artıb, gömrük orqanlarının yığımları da artıb. “ƏDV geri al” sistemi üzrə 138 milyon manat vəsait il ərzində qaytarılıb. Bu da şəffaflaşmanın nəticəsidir. Dövriyyə şəffaflaşır”.

Samir Şərifov bildirib ki, proqnozlaşdırma ilə bağlı müzakirələrə hazırdırlar.

Maliyyə naziri proqnozlara dair iradlara cavab verib

“Biz proqnozlar sahəsində olan problemləri son 2 ildə aktiv şəkildə müzakirə edirik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, son 2 il proqnozlaşdırma baxımından ağır illərdir: “2020-ci ildə COVİD böyük qlobal bəlaya çevrildi. Nəticədə 2020-ci ildə proqnozlarımızı dəyişməyə məcbur qaldıq. 2020-ci ildə pandemiyanın nə vaxt başa çatması böyük qeyri-müəyyənlik doğururdu. Digər tərəfdən, 2021-ci ildə başqa proseslər baş verdi. İlk olaraq, ümumi olaraq tələb və təklif arasında olan natarazlıq özünü biruzə verməyə başladı. Sonradan indiki “ərzaq böhranı” kimi adlandırılan problemin ilkin əlamətləri artıq 2021-ci ildə formalaşmağa başladı. Biz büdcə proqnozu verəndə risk faktorlarını qeyd edirik. Bunlar büdcədə nəzərdə tutulan proqnozların tam icra edilməməsi ilə bağlı risk faktorlarıdır. Neftin də qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir”.

.