Salyan rayonunda vərəmli xəstələrin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Amma buna baxmayaraq bəzi vərəmli xəstələr müayinədən yayınaraq, vaxtında bu xəstəliyin qarşısını almaqda problemlə üzləşirlər. Bu da vərəm xəstəliyin yayılması üçün əsl münbit şərait yaradır.

Bir neçə il əvvəl istifadəyə verilən 50 çarpayılıq Salyan Rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanası 6 rayonun əhalisinə xidmət edir. Ən müasir tibb avadanlıqları ilə təchiz olunan xəstəxanada dərman sarıdan da elə bir ciddi problem yoxdur. Son illər görülmüş profilaktik tədbirlər nəticəsində rayonda vərəmli xəstələrin sayı ilbəil azalmağa doğru gedir. Belə ki, əgər ötən ilin 6 ayında 38 nəfərdə ilkin vərəm xəstəliyi aşkar edilibsə, 2016-cı ilin eyni dövründə bu rəqəm 25 olub. Bütün bunlara baxmayaraq bəzi vərəmli xəstələr arasında müayinədən yayınma halları da müşahidə olunur. Bu da vərəm xəstəliyinin ailədə və cəmiyyət arasında yayılma ehtimalını çoxaldır. Elə indi həkimləri də narahat edən bu problemdir.

Baş həkimin sözlərinə görə, vərəm xəstəliyi vaxtında aşkar edilməzsə gələcəkdə fəsadları daha böyük olar. İl ərzində bir vərəmli xəstənin 15-20 nəfəri yoluxdurma imkanı var ki, bu da gələcək nəsil üçün çox təhlükəlidir. Odur ki, bu xəstəliyin yayılmaması üçün vərəmli xəstələrə vaxtında həkimlərə müraciət etmələri tövsiyə olunur.

.