Artıq məlumat verdiyimiz kimi, bu gün jurnalist Rasim Əliyevin öldürülməsindən 1 il keçir. Rasimin il mərasimindən sonra ictimai-siyasi xadimlər, həmkarları, ailə üzvləri və yaxınları onun məzarını ziyarət ediblər. Mərhumun ruhuna dualar oxunub, məzarına güllər düzülüb.
Hadisə 2014-cü il avqustun 8-də baş verib. Bir qrup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilən Rasim Əliyev orada vəfat edib. İnsidentə səbəb R.Əliyevin "Facebook” statusunda futbolçu Cavid Hüseynovu tənqid etməsi olub. Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu tənqid edən Rasim Əliyevə zəng edərək təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb etmiş və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə, Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşmüşdür. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirmiş və hadisə yerindən qaçmışlar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, avqustun 9-da saat 05 radələrində orada vəfat etmişdir.
Rasimin xəstəxanada dünyasını dəyişməsindən spnra Cavid Hüseynov və daha 6 nəfər həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayəti qabaqcadan bilərək gizlətməkdə təqsirli bilinən Cavid Hüseynov Səbail Rayon Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Rasim Əliyevin ailəsi və vəkillər onun ölümündə həkimlərin də günahkar olduqları və məsuliyyətə cəlb olunmaları ilə bağlı prokuroluğa və məhkəməyə vəsatətlər versələr də, təmin edilməyib.









