Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hakim Əfqan Hacıyevin bildirib ki, Namazəli Məmmədovun müdafiəsi üçün yeni vəkillə – Tamerlan Zeynalovla müqavilə bağlanıb, məhkəməyə orden təqdim edilib. N.Məmmədov yeni vəkilin qoşulmasına etiraz etməyib.
Daha sonra Beytulla Hüseynov Vidadi Zeynalovun vəkili Ceyhun Yusufovun sualları cavablandırıb. Vəkil ittihamda mənimsəmə faktının şişirdilməsi ilə bağlı sual verib. B.Hüseynov bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin göstərişlərini icra edib: "Ad çəkmək istəmirəm, sifarişləri icra etmişəm. İstintaqa verdiyim ifadələri təsdiq edirəm”.
V.Zeynalovun vəkiləri B.Hüseynovun istintaqa verdiyi ifadənin elan edilməsini istəyiblər. Hakim B.Hüseynovun istintaqa verdiyi ifadəni elan edib. O, ifadəsində bildirib ki, tikinti qiymətlərinin şişirdilməsi üçün sifarişi nazir Əli Abbasov verib: "Sifarişi Əli Abbasova versə də, bu barədə hesabatları Vidadi Zeynalova vermişik. Vidadi Zeynalov hər ay mühasib Anar Mustafayevdən hesabat alırdı. Vidadi Zeynalova hər ay müəyyən məbləğdə pul vermişik. Əli Abbasovun Nadir adlı dostuna hər ay min manat, müavini İltimas Məmmədova bir dəfəyə 1,5 milyon manat və vergi orqanlarına müəyyən qədər pul vermişik”.
Təqsirləndirilən Anar Mustafayev ifadə verib. O deyib ki, istintaqa verdiyi ifadədəki rəqəmləri təsdiq edir: "Xarici şirkətlər gəlib deyib ki, müqavilələri bizimlə bağla, bonus veriləcək. Bunlar rəsmi olaraq qeydiyyata alınmayıb. Beytulla Hüseynovun mənə əməliyyatlar üçün 7 min manat verdiyini demişəm. Həmin pulun mənə 2 min manatı qalırdı. Deyirlər ki, dövlət vəsaitini talan etmişik. Belə olmayıb. Bir tikinti şirkəti hansısa işə vəsait qoyursa, necə ola bilər ki, qazanc əldə etməsin?! Əvvəlcədən layihə hazırlanırdı, ona uyğun iş görülürdü, heç bir rəqəm şişirdilməyib. Dəfələrlə də yoxlama olub, heç bir pozuntu qeydə alınmayıb. Biz tikinti sahəsində monopoliya qurmuşduq, məcburən etmişdik. Bunu işlərin ucuz başa gəlməsi üçün edirdik. Bayram Vəliyev, Emin Məmmədov və Namazəli Məmmədovun haqqına girmişik. Qismən də olsa, özümü təqsirli bilirəm”.
A.Mustafayev əlavə vəsaitlərin mənimsənilməsi ittihamına cavab verərkən deyib ki, "vəsaitləri ya biz oğurlamalı, ya da digərlərinin oğurlamasına göz yummalı idik”.
Proses günün ikinci yarısında davam etdiriləcək. (report)
.
