"Zaman dəyişir. İnsanlar da dəyişir. Amma qara bağ vurulub bağlı qapılar arxasına atılan arxiv qovluqları dəyişmir. Biz indi yüz illər boyu həqiqətlərin gizlədildiyi arxiv qovluqlarının qara bağlarını açırıq. Qarabağ həqiqətlərinə işıq salmaq üçün..."

Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun müəllifi olduğu və hər həftənin bazar günləri İctimai Televiziyada nümayiş olunan "Qara bağ" sənədli serialı bu sözlərlə başlayır. Bundan əvvəl isə müəllif təxminən 4 il davam edən 100 bölümdən ibarət "XX yüzillik: faktlar, hadisələr və insanlar" layihəsini tamaşaçılara təqdim etmişdi. Ötən əsrdə ölkəmizin ərazisində olub-keçənlərin vərəqləndiyi o "XX yüzillik" ki, XXI əsrdə Azərbaycan televiziya məkanında xüsusi iz qoyub. Ötən yüzillikdə baş verən hadisələr şayiələr və əfsanələr yox, o dövrün yazılı mətbuatında əksini tapan materiallar və arxiv sənədləri əsasında təqdim olunub.

Müsəllim Həsənovla söhbətimizdə məhz bu mövzulardan danışdıq - "XX yüzillik"dən başlayan söhbətimiz "Qara bağ"la yekunlaşdı...

 

"Sizdən Ulu Tanrıya şikayət edəcəyəm!"

 

- "XX yüzillik" adlı verilişlər silsiləsi yaratmaq ideyası necə meydana gəldi? Sizin öz ideyanız idi?

- Belə bir layihəni işləmək fikrim çoxdan var idi. Bəzi xarici ölkələrin televiziyasında bu tip layihələr olub. Məsələn, ötən əsrin 90-cı illərində Rusiyanın NTV kanalında Leonid Parfyonovun "Namedni" silsiləsi verilirdi. Məhz həmin veriliş məndə oxşar layihə hazırlamaq istəyi yaratmışdı. Amma telekanallarımızın şəraitinə və imkanlarına görə tərəddüd edirdim. Maliyyə tərəfi bir yana, material toplamaq baxımından da çətinliklər vardı.

2019-cu ildə Bakı Media Mərkəzində işlədiyim vaxt İctimai Televiziyadan müraciət olundu ki, belə bir layihə hazırlamaq istəyirik. Hətta dedilər ki, bu mövzuda müraciət edənlər də var. Amma onlar hesab edirdilər ki, belə bir layihəni mən daha maraqlı hazırlaya bilərəm. Çox güman ki, bu inam Bakı Media Mərkəzindəki fəaliyyətimlə bağlı idi. Orada artıq mənim ssenarilərim əsasında "Əbədi ezamiyyət", "Son iclas" kimi bir neçə bədii-sənədli filmlər çəkilmişdi. Yəni, tarixi mövzulara xüsusi maraq göstərdiyimi bilirdilər.

Amma mən bu təklifə dərhal "hə" cavabı vermədim. Bir həftə vaxt istədim ki, arxivlərə başa vurum, bir daha baxım, görüm belə bir silsilə hazırlamaq üçün material toplaya biləcəyəmmi? Bu müddət ərzində Bakıdakı bir neçə arxivdə oldum, müəyyən materiallarla maraqlandım və razılıq verdim ki, işləmək olar.

Yenə də narahatlıq var idi. Danışmaq istədiyim dövr haqqında arxiv sənədləri var, çox yaxşı, bəs hazırlayacağım mətnin ekran həlli necə olacaq? Bayaq adını çəkdiyim Leonid Parfyonov oturur Moskvada, əlinin altında arxiv görüntüləri... Bizdə isə bu yoxdur, tarixi xronika olduqca azdır. Təbii ki, bu problemi həll etmək rejissorun çiyninə düşürdü. Bəs rejissor kim olsun? İctimai TV-nin rəhbərliyi bu işdə də mənə sərbəstlik verdi. Tanıdığım rejissorlar çox idi, amma mən daha cavan rejissor istəyirdim. Dost-tanışla məsləhətləşdim və gənc bir rejissoru nişan verdilər - Elçin Qasımovu. Fikirlərimi dedim, müzakirə etdik, anladım ki, məni başa düşdü və işimiz alınacaq...

- 1901-ci ilə həsr olunmuş ilk veriliş 44 günlük müharibədən əvvəl efirə getmişdi. Bu, həmin verilişin sonluğunda da hiss olunur: Siz Şuşanın düşmən tapdağı altında olduğundan yana-yana danışırsınız...

- Birinci buraxılış 2020-ci il sentyabrın 24-də - müharibə başlamazdan 3 gün əvvəl efirə getmişdi. Həmin veriliş Qarabağ hökmdarı İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsiyyətnaməsindən sitatla bitirdi. Gövhər ağa dünyasının dəyişməzdən əvvəl vəsiyyətnamə yazmışdı ki, bu dünyadan köçürəm, məndən sonra gələnlərdən xahiş edirəm tikdirdiyim məscidi və mədrəsəni düşmən tapdağından qorusunlar. Vəsiyyətnamənin son cümlələri təxminən belə idi: Əgər siz məscidi və mədrəsəni qoruya bilməsəniz, sizdən Ulu Tanrıya şikayət edəcəyəm!

Mən də verilişi belə bir fikirlə yekunlaşdırmışdım ki, bu gün Gövhər ağanın bizdən Ulu Tanrıya şikayət etməyə haqqı var! Çünki Şuşa da, məscidlərimiz də, bütün Qarabağ da düşmən tapdağı altındadır...

Bu veriliş efirə gedəndən 3 gün sonra müharibə başladı. Noyabrın əvvəlində isə Şuşanı da işğaldan azad etdik. Sonradan birinci verilişin təkrar efirə gedəcəyini nəzərə alaraq, həmin sonluğu təzədən çəkməli olduq. Amma internetdə köhnə variant qalır.

- Bildiyim qədəri ilə 44 günlük müharibə gedişində veriliş yayımlanmadı...

- Səhv etmirəmsə, oktyabrın ortalarına qədər yayımlandı. Amma onda elə bir vaxt idi ki, hamını müharibə maraqlandırırdı. Ona görə də İctimai Televiziyanın rəhbərliyindən xahiş etdim ki, müharibə bitənədək verilişi dayandıraq. Beləliklə, "XX yüzillik" bir də torpaqlarımız işğaldan azad olunduqdan sonra - 2021-ci ilin yanvarından efirə getməyə başladı...

 

"Bizim televiziya məkanında bu qədər çox pul xərclənən verilişlər silsiləsi olmayıb"

 

- Bütün bölümlərdə personajların canlandırılmasında aktyorlardan istifadə edilib. Seçim necə aparılırdı? Bəzi bənzətmələr o qədər də yaxşı alınmayıb.

- Bütün bölümlərdə yox, bəzi bölümlərdə quraşdırılmış səhnələr var. Aktyor seçimi, rəssam işi və s. təbii ki, rejissor Elçin Qasımovun öhdəsində idi. Az büdcə ilə rejissorun peşəkar aktyorlar seçməsi bir  qədər çətin olur. Ümumiyyətlə, çox ağır layihə idi. Quraşdırılmış səhnələr, geyim seçimi, rəssam işi... Çox böyük zəhmət tələb edirdi. Düzdür, ekranda təkcə mən görünürəm, amma verilişin ərsəyə gəlməsi üçün nə qədər adam əziyyət çəkib. Bəzən çəkilişlərimiz gecə yarıyadək davam edirdi. Məsələn, 1931-ci ilə aid buraxılış Hadrutda taun xəstəliyinin yayılması barədədir. Həmin bölümün əsas hissələrini Şamaxıda çəkmişik, gecə səhərə qədər - özü də şiddətli qar yağa-yağa. Bunu verilişin hansı çətinliklərlə ərsəyə gəldiyini, çəkiliş qrupunun - operatorun, rəssamların, texniklərin və digər işçilərin hansı əziyyəti çəkdiyini diqqətə çatdırmaq üçün deyirəm.

Ssenarinin yazılması da asan başa gəlmirdi. Adi bir nümunə gətirim. O vaxt bir il ərzində baş verən hadisələrin xronikasını araşdırmaq üçün həmin il çıxan qəzetləri vərəqləmək, oxumaq lazım idi. Məsələn, 1910-cu ilə aid buraxılışı hazırlayarkən Dövlət Tarix Arxivinin və İctimai-Siyasi Sənədlər Arxivinin kitabxanalarında "Kaspi", "Bakinskaya İzvestiya", "Baku" kimi qəzetlərin bütün nömrələrini vərəqləməli olurdum. O vaxt bir il ərzində bu qəzetlərin hər birinin 252 nömrəsi çıxırdı. Günlərlə o qəzetləri oxumaq, tamaşaçı üçün maraqlı ola biləcək məlumatları toplamaq lazım idi. Yaxud, Cümhuriyyət dövrü ilə bağlı buraxılışlar hazırlanarkən bizim arxivlərdə olan materiallar kifayət etmirdi. Bilirsiniz ki, Əlimərdan bəy Topçubaşovun sənədləri Parisdə saxlanılır. Onunla bağlı hər hansı faktı dəqiqləşdirmək, yaxud, verilişdə hansısa sənədi göstərmək lazım olanda Parisə - gürcü əsilli tarixçi dostumuz Georgi Mamuliaya müraciət edirdim. O da əsl alim səxavəti ilə istədiyim sənədləri dərhal göndərirdi. Bütün bunlar da Cümhuriyyət tarixi barədə nisbətən az öyrənilmiş səhifələrə işıq salmağa kömək edirdi.

- Verilişdə animasiyalardan geniş istifadə olunub. O da sizin ideyadır?

- Xeyr, rejissorun ideyasıdır. Elçin bu barədə əvvəlcə mənə danışanda, düzü, anlamadım və o qədər də sevinclə qarşılamadım. Çünki təsəvvürüm yox idi. Amma rəssamlar işləyəndən sonra bu formanın maraqlı olduğuna inandım. Səhv etmirəmsə, bizim televiziya məkanımızda bu da bir yenilik idi. Amma 15-20 saniyəlik işin hansı çətinliklər hesabına başa gəldiyini quruluşçu rejissor, həmin işi görən rəssamlar, bir az da mən bilirəm...

- Bəs bəstəkar kimdir?

- Bəstəkar yoxdur. Səsləndirilən musiqilər lisenziya əsasında yutubdan alınıb.

- Yeri gəlmişkən, yutubda 100 seriyanın bir neçəsində səs eşidilmir.

- Hə, elə bir problem var. Bu da yutubun yaratdığı problemdir. Onlar bəzi musiqi parçalarının musiqisinin lisenziyasız olduğunu iddia edir və qadağa qoyurlar. Əvvəllər belə kəsintilər daha çox idi. Televiziya lisenziyaları təqdim etməklə onları aradan qaldırıb. Amma təəssüf ki, problem tam həllini tapmayıb. Yəqin ki, yaxın gələcəkdə yoluna qoyular.

- Bu qədər işi görmək həm də böyük maliyyə tələb edir. Sirr deyilsə, layihənin büdcəsi nə qədər idi?

- Düzü, bu barədə dəqiq məlumat verə bilməyəcəm. Çünki maliyyə işləri İctimai Televiziyanın öhdəsində idi. Amma onu dəqiq bilirəm ki, çox bahalı layihə idi. Yəqin ki, bizim televiziya məkanında bu qədər çox pul xərclənən verilişlər silsiləsi olmayıb. İctimai Televiziyadan başqa hansısa televiziya kanalının belə bir layihəyə bu qədər pul xərcləyəcəyinə inanmıram.

Təsəvvür edin ki, hər 6 aydan bir quruluşçu rejissorla birlikdə Moskvaya ezamiyyətə gedirdik. Rusiya Foto-Kino Sənədləri Arxivində Azərbaycanla bağlı video-xronika gətirmək üçün. Hər səfərdə də təxminən 10 gün arxivdə işləyir, köhnə lentləri seçirdik. Bu materiallar seçilir, taym-kodu yazılır və köçürülmə üçün verilirdi. Bütün bunlar isə ödənişlidir. Video-xronikanın bir saniyəsinin köçürülməsi, səhv etmirəmsə, 150 rubla başa gəlirdi. Deməli, hər dəfə altı aylıq verilişlər üçün təkcə Moskvadakı arxivə İctimai Televiziya 40-50 min manat pul ödəməli olurdu. Hələ rəssam işi, qrafik tərtibat, geyim və s. xərcləri demirəm. İndi özünüz layihəni necə baha başa gəldiyini təsəvvür edə bilərsiniz.

İctimai Televizyanın rəhbərliyinin bizim layihəyə belə qayğı göstərməsi, bu işdə xəsislik etməməsi təqdirəlayiqdir. Bütün televiziya kanallarında belə deyil. Və əslində bu, bizə, bizim verilişə yox, Azərbaycan tarixinə hörmət, diqqət nümunəsi idi.

Yeri gəlmişkən, bir müddət sonra Elm və Təhsil Nazirliyi də verilişin ərsəyə gəlməsinə öz dəstəyini göstərməyə başladı.

 

"Vyetnama "10-15 saniyəlik kadr" çəkməyə getməmişdik..."

 

- Neçə ölkədə ezamiyyətdə olmusunuz? Bir də 15-20 saniyəlik kadra görə dünyanın o başına getməyə dəyərdimi? Məsələn, Vyetnama... Çoxlarının düşüncəsində olan sualı verdim. Əslində, cavabını bilirəm...

- Maraqlı sualdır. Həqiqətən 1983-cü il buraxılışında Vyetnamın paytaxtı Hanoydan görüntülərimiz var... Amma bu səfər dediyiniz 15-20 saniyəlik kadra görə təşkil edilməyib.

Bildiyiniz kimi, 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan olunmuşdu. Mən Moskva arxivlərində işləyərkən Heydər Əliyevin 1983-cü ildə Siyasi Büronun üzvü kimi Vyetnama səfəri barədə kino-xronika və arxiv sənədləri görmüşdüm. Ona görə də "Heydər Əliyev İli"ndə bu səfər barədə sənədli film hazırlamaq ideyası yarandı və Dövlət Neft Şirkətinə müraciət etdim. Şirkətin rəhbərliyi ideyanı bəyəndi, maliyyə ayırdı və biz həmin filmi çəkmək üçün Vyetnama uçduq. Hanoy, Hoşimin və Vunq Tau şəhərlərində çəkilişlər apardıq və "Heydər Əliyev. Vyetnama xüsusi missiya ilə" adlı sənədli film ərsəyə gəldi. Vyetnama ezamiyyətə də elə "XX yüzillik"in komandası ilə getmişdik, eyni rejissor, eyni operator... Biz onda "Yüzilliyin" 1983-cü il buraxılışını sonralar hazırlayacaqdıq. Ona görə qərara aldıq ki, həmin veriliş üçün də bəzi çəkilişlər edək. Yəni Vyetnama "10-15 saniyəlik kadr" çəkməyə getməmişdik...

Hansı arxivlərdə işləməyə gəlincə, "XX yüzillik" layihəsinin materialları Bakı, Moskva və Sankt-Peterburq arxivlərində qorunan sənədlər əsasında hazırlanıb. Əvvəldə qeyd etdiyim kimi, Parisdən də materiallar almışıq...

 

"Tariximizi necə var, elə də göstərmişik"

 

Məşhur Hollivud ulduzu Robert de Niro 1976-cı ildə "Taksiçi" filmində Trevis Bikl rolunu canlandırmazdan əvvəl xüsusi lisenziya alaraq bir neçə həftə Nyu-Yorkda taksi sürmüşdü. Bununla da, o, müştərilərin özlərini necə aparmasını müşahidə etmiş, onların danışıqlarına fikir vermiş, şəhərin gecə həyatını yaxından izləyə bilmişdi. Ki, filmdəki taksi sürücüsünü tamaşaçıya daha canlı çatdıra bilsin. Bu, aktyorda alınmışdı. Maraq üçün qeyd edim ki, "Taksiçi" 4 "Oskar"a layiq görülmüşdü. Onlardan biri "Ən yaxşı kişi rolu"na görə Robert de Niroya verilmişdi.

Müsəllim Həsənovla müsahibənin daha dolğun alınması üçün "XX yüzillik: faktlar, hadisələr və insanlar" silsiləsinin 100 bölümünün hamısını diqqətlə izlədim. Televiziya məkanımızda rastlaşdığım ən yaxşı layihələrdən biridir. Hətta, deyərdim birincisidir. Həqiqətən, müəllif böyük iş görüb. Amma hər iş çatışmazlıqlardan xali deyil. Bir tamaşaçı kimi vacib hesab etdiyim bəzi hadisələr gözdən qaçıb. Məsələn, 1926-cı il noyabrın 6-da Azərbaycan Radiosunun fəaliyyətə başlamasına həmin ilə həsr edilən buraxılışda toxunulmayıb. 1956-cı ildə Azərbaycan Televiziyasının "doğulması" tarixi də yaddan çıxıb. 1949-cu ildə Neft Daşlarının açılışı ilə bağlı fakt da diqqətdən kənarda qalıb. Doğrudur, 5 il sonraya həsr edilmiş buraxılışda Neft Daşlarının 5 illiyi barədə məlumat yerləşdirilib...

İdmana bağlı və musiqini sevən bir tamaşaçı kimi layihədən umacağım başqa məqamlar da var idi. Verilişlərdə 1937-ci ildə "Neftyanik"in (indiki "Neftçi") təsis edilməsindən, 1952-ci ildə Helsinkidəki Yay Olimpiya Oyunlarında sərbəst güləşçimiz Rəşid Məmmədbəyovun Azərbaycan tarixində ilk olimpiya medalını qazanmasından, 1980-ci ildə Moskvada keçirilən olimpiadanın futbol turnirinin final matçında Eldar Əzimzadənin hakimliyindən, 1988-ci ildə Seul olimpiadasında İqor Ponamaryovun futbol üzrə SSRİ olimpiya yığmasının heyətində qızıl medal qazanmasından, müstəqillik dönəmində cüdoçu Nazim Hüseynovun, sərbəst güləşçi Namiq Abdullayevin, stend atıcısı Zemfira Meftəhəddinovanın olimpiya uğurlarından söhbət açılmayıb. Ən əsası, sevimli bəstəkarım Vaqif Mustafazadənin yada salınmaması da diqqətimdən qaçmadı. Sadalananlarla bağlı sualımı Müsəllim müəllim belə cavablandırdı:

- O dövrün xronikasını qəzetlərdən götürmüşəm. Görünür, radionun, televiziyanın fəaliyyətə başlaması və digər məqamlar mətbuatda xüsusi işıqlandırılmayıb. Bilirsiniz, elə illər var ki, məsələn, 1970-ci ildən sonra xəbər bolluğudur. Hər xəbəri verilişə yerləşdirsək, vaxt uzanar, format dəyişərdi. Ona görə vacib bildiklərimizi ssenariyə salmışıq. Bu, həm də zövq məsələsidir. Məsələn, çox güman ki, hansısa həkim də səhiyyə ilə bağlı görmək istədiyi məlumatları sadalaya bilər. Müəllimlərin də unudulmuş saydığı məlumatlar tapılar. Təbii ki, 30-35 dəqiqəlik verilişdə bütün hadisələri əhatə etmək mümkün deyil. Ola bilsin gözdən qaçan məqamlar da olub. Məncə, bunlar ümumi işə kölgə salmayıb. Bir məqamı da qeyd edim: 100 buraxılışın heç biri ilə bağlı nə tarixçilərdən, nə alimlərdən, bir sözlə, heç kimdən irad eşitməmişik. Heç kim deyə bilməz ki, biz nəyisə düz deməmişik, nəyisə saxtalaşdırmışıq. Tariximizi necə var, elə də göstərmişik.

 

"Heç bir buraxılışda xəbər sarıdan korluq çəkməmişik"

 

- Bəzi buraxılışlarda sanki xəbər kasadlığı hiss olunur. Məsələn, 1911-ci il buraxılışnda Adolf Eyxel adlı memarın intiharını səhnələşdirmək o qədərmi vacib idi?

- Xəbər kasadlığı deməzdim. Həmin səhnə quruluşçu rejissorun istəyi idi. Alman əsilli Adolf Eyxel Bakının ən məşhur memarlarından biri olub. Bakıdakı bir çox tikililər, o cümlədən indi də şəhərimizə yaraşıq verən "Kirxa" binasının memarı olub. 1911-ci ildə, 43 yaşında intihar edib. Elçin Qasımov həmin hadisəni səhnələşdirmək istədi, mən də etiraz etmədim. Fikrimcə, pis də alınmayıb. Ümumiyyətlə, heç bir buraxılışda xəbər sarıdan korluq çəkməmişik. Əksinə, bəzən hansısa faktı verməmək məcburiyyətində qalmışıq.

- Ən çox hansı fakt müəllifə təsir edib?

- Konkret misal gətirməkdə çətinlik çəkirəm. Amma bu 100 verilişi hazırlayarkən qarşıma elə faktlar çıxıb ki, kimlər üçünsə sensasiya sayıla bilərdi.  Verilişdə onlara toxunmadım. Çünki o faktlar cəmiyyətdə müəyyən narazılıqlar yaradardı. Qoy onlar mənim "yaddaş arxivimdə" qalsın...

- Hansı buraxılış sizə daha doğmadı?

- Bu suala da cavab verməkdə çətinlik çəkirəm. Bütün buraxılışlar əzizdir. Hərdən yutubda verilişlərin baxış sayına diqqət edirəm. Məsələn, 1949-cu il buraxılışına bu günə qədər 343 min adam baxıb. Amma başqa buraxılışlarda baxış sayı 50-60 mindir, hətta 20-25 min olanı da var. 1949-cu il niyə bu qədər çox izlənib, o birilər yox - bu sual mənə də maraqlıdır.

- Mircəfər Bağırov 20 il Azərbaycana rəhbərlik edib. Müsəllim Həsənovun fikrincə, o, necə şəxsiyyət olub?

- 20 ildən çoxdur ki, arxiv sənədləri ilə işləyirəm. Bu müddətdə Mircəfər Bağırovla bağlı sənədlərin, demək olar ki, 60-70 faizini oxumuşam. Ona yazılan məktubları, imzaladığı əmrləri, sənədllərin üzərinə qoyduğu dərkanarları və s. görmüşəm. Hesab edirəm ki, Mircəfar Bağırov təzadlı, amma maraqlı şəxsiyyət olub. Mənfi və müsbət tərəflərini göstərməklə onun haqqında kitab yazmaq ürəyimdən keçir. Alınsa, təzadlı həyatını mütləq göstərəcəyəm. Məsələn, 1941-ci ildə sovet qoşunları İrana daxil olandan sonra ora göndərilən ziyalılarla Bağırovun görüşü olub. Onun İrana gedən ziyalılar qarşısında çıxışını oxuyanda adamın başının tükləri, necə deyərlər, biz-biz olur. Cənubi Azərbaycan haqqında nə qədər səmimi və təbii danışıb... Özü də maraqlıdır ki, Mircəfər Bağırovla bağlı bütün arxiv sənədləri rus dilindədir. Amma həmin görüşün stenoqramı niyəsə Azərbaycan dilində saxlanılır.

- Az qala hər verilişə bir kostyumla çıxırsınız. 100 verilişə neçə kostyum almışdınız?

- Geyim məsələsi də mənlik deyil. Bu da quruluşçu rejissorun, geyim üzrə rəssamların və stilistlərin işidir. Onlar hesab edirdilər ki, hər verilişdə fərqli geyim vacibdir. Mən də tabe oldum. Bəzi verilişlərdə öz geyimimdən istifadə etmişəm, qalan paltarları da İctimai Televiziya alıb, rekvizit kimi...

- Layihənin materialları əsasında bir kitab da hazırlamaq yaxşı olardı...

- Ürəyimdən keçir. Amma bu qədər materialı bir kitaba yerləşdirmək mümkün deyil. Məncə, hər 10 buraxılışı bir cild eləməklə 10 cild hazırlamaq olar. Bunun üçün isə sponsor lazımdır. O da ki, yoxdur...

 

"Rusiya Dövlət Tarix Arxivinə buraxılmırdım"

 

- Keçək "Qara bağ"a.  İctimai Televiziya bir neçə həftədir ki, sizin müəllifi olduğunuz "Qara bağ" layihəsini təqdim edir. Artıq 4 seriyası efirə gedib. Bu layihəni "XX yüzilliy"in davamı saymaq olar, yoxsa əvvəli?

- Xronologiya baxımından əvvəli, amma başlanılan işin davamı. Sadəcə, "XX yüzilliy"in tamaşaçılar tərəfindən müsbət qarşılandığını gördükdən sonra qərara aldıq ki, tarixi layihələri davam etdirək. Bu gün də aktual olan Qarabağ mövzusunu seçdik. Qarabağla problem nə vaxt yaranıb, niyə yaranıb? Layihədə söhbət sırf Qarabağ ətrafında, Qarabağ tarixi ətrafında gedəcək.

- Bəs nəyə görə "Qara bağ" 1805-ci ildən başladı?

- Buna bənzər sualı mənə bir neçə tarixçi alim də verib. Hesab edirik ki, Qarabağ problemi məhz həmin ildən başlayıb. Məlumdur ki, rus generalı Pavel Sisianov Gəncəni zəbt etdikdən sonra Qarabağ xanlığının da Rusiya imperiyasının tərkibinə qatılmasını istəyirdi. Qarabağ hakimi İbrahimxəlil xanla danışıqlar məhz həmin dövrdə olub. Ona görə də qərara gəldik ki, 1805-ci ildən başlayaq. Bir müəllif kimi bu barədə qərarı mən vermişəm.

- "Qara bağ"da hansı mənbələrə müraciət edilib?

- Əsasən yenə də Rusiya Dövlət Tarix Arxivində saxlanan materiallardan istifadə etmişik. Başqa mənbələr də var. Yaxınlarda növbəti seriyalara material toplamaq üçün Sankt-Peterburqa gedəcəyəm. Yeri gəlmişkən, bir ilə yaxın idi ki, Rusiya Dövlət Tarix Arxivinə buraxılmırdım. Səbəbini də demirdilər. İki ay əvvəl axır ki, müraciətimizə müsbət cavab verildi.

 

"Bu məsələ təkcə məndən asılı deyil"

 

- "XX yüzillik"dən fərqli olaraq, "Qara bağ"da 2-3 il bir seriyaya yerləşdirilir.

- "XX yüzillik" illər üzrə hazırlanmışdı və hər seriya bir ildən bəhs edirdi. "Qara bağ"da isə formatı bir qədər fərqli etdik. Məsələn, 1-ci seriyada 1805 və 1806-cı illərdə Qarabağda baş verənlərdən danışmışıq. Amma elə illər olacaq ki, bir ilə 2-3 seriya həsr edəcəyik. Məsələn, Rusiya-İran müharibəsinin 1927-ci ildəki gedişatı və ya Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci il. Həmin illərdə o qədər maraqlı hadisələr olub ki, hamısını bir seriyaya yerləşdirmək mümkün deyil. Yəni, hər veriliş konkret hadisələr ətrafında hazırlanır və onların gedişindən asılıdır.

- Məncə, "XX yüzillik" "Qara bağ"dan baxımlı idi.

- Ola bilər. "XX yüzillik" daha operativ, daha lakonik idi. Müxtəlif səpkili hadisələr barədə müəyyən məlumat verib növbətisinə keçid edirdik. "Qara bağ"da isə vəziyyət fərqlidir. Bu, sırf tarixi verilişdir, bəzən yorucu görünə bilər. Həm də "XX yüzillik" tamaşaçıya yaxın dövrü əhatə edirdi, hadisələr adamlara tanış idi. "Qara bağ"da isə bir qədər uzaq tariximizdən danışırıq, hadisələr heç də hamıya tanış deyil. Çünki bu dövr tariximizi yaxından bilmirik, oxumamışıq. Bununla belə, "Qara bağ"da da baxımlı seriyalar olacaq...

- "Qara bağ"da hadisələrin baş verdiyi ərazilərdən görüntü təqdim etmək o qədərmi çətindir? Məsələn, 1805-ci ildə Sisianovla İbrahim Xəlil xanın Kürəkçay yaxınlığında görüşdüyü yerdən. Və ya gələcəkdə Gülüstan müqaviləsinin imzalandığı məkandan. İndi Qarabağ işğal altında deyil ki...

- Bəlkə də hadisə yerlərindən çəkiliş aparsaq, daha maraqlı olardı. Amma bu tip verilişlərin yaradılması üçün çəkiliş yerinə böyük yaradıcı və texniki qrup getməli olur. Belə böyük qrupla harasa getmək isə çəkilişi ləngidir, vaxt aparır, maliyyə tələb edir. Hər halda ola bilsin gələcəkdə müəyyən dəyişikliklər etdik.

- 1805-ci ildən başlayan "Qara bağ" hansı illə yekunlaşacaq?

- Nə qədər davam edəcək, neçə seriya olacaq, bunu indidən demək çətindir. Məndən olsa, bir neçə il davam edə bilərik. Yəni, deməyə, danışmağa söz çoxdur. Amma bu məsələ təkcə məndən asılı deyil. Sağlıq olsun...

Söhbətləşdi: İlqar Tağıyev

.