Qırğızıstanda bülletenlərin 100%-nin hesablanmasından sonra seçicilərin 80 faizdən çoxunun ötən bazar günü keçirilmiş referendumda prezident idarə üsulunu seçmələri məlum olub.

“İnterfaks” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirib.

Qeyd edilir ki, MSK-ya 2 474 seçki məntəqəsindən protokollar daxil olub. Hesablamalara əsasən seçicilərin 84,11%-i ölkədə prezident idarə üsuluna səs verib, 11,27% seçici parlament respublikasını seçib, 4,61% seçici isə “hər iki varianta qarşı" səs verib.

Qırğızıstanın hazırkı Konstitusiyası 2010-cu ildə referendum yolu ilə qəbul edilib. Ölkənin ana yasasında idarə üsulunun hər hansı forması təsbit olunmayıb. Rəsmi mənbələrdə göstərilir ki, Qırğızıstan parlament respublikasıdır, amma faktiki olaraq ölkədə qarışıq - prezident-parlament idarə üsulu mövcuddur.

.