
Urmiya bir vaxtlar İranın Parisi idi, indi isə nəyə oxşadığı da məlum deyil.
Yenizaman SNN-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Urmiya gölü quruduqdan sonra bölgədəki vəziyyəti şərh edərkən bildirib.
O, Qərbi Azərbaycanın mərkəzi Urmiya şəhərində çıxışı zamanı onun çirklənməsi, ətraf mühitin, təbiətin məhv edildiyini sərt şəkildə pisləyib: "Urmiya bir vaxtlar İranın Parisi idi, indi, görün, biz onu nə günə qoymuşuq".
Bu zaman iclas zalında yerdən "Əfqanıstana" deyirlər, o da bunu təkrarlayır: "Əfqanıstana çevrilib".
Prezident, həmçinin Məhabadda aparılan işlərin vəziyyətindən də narazılıq edib və idarəetmədə ciddi dəyişikliklərin vacibliyini vurğulayıb.
Urmiya gölünün quruması Qərbi və Şərqi Azərbaycan (mərkəzi Təbriz) əyalətlərinin təbiətini, ekologiyasını məhv edib. Mütəxəssislər bu təbii fəlakət səbəbindən regionda xəstəliklərin yaranacağını, quraqlığın olacağını proqnozlaşdırırlar.
.