ABŞ Müdafiə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələri üçün "Tomahawk" qanadlı raketlərinin sürətləndirilmiş istehsalı məqsədilə RTX-nin tərkibinə daxil olan "Raytheon" şirkəti ilə 22,9 milyard dollar məbləğində müqavilə bağlayıb.
Bu barədə Pentaqonun saytında bildirilib.
Məlumata görə, müqavilə istehsal güclərinin genişləndirilməsinə və ABŞ Silahlı Qüvvələrinin uzaqmənzilli zərbələr endirmək üçün əsas vasitələrindən biri olan raketlərin tədarükünün sürətləndirilməsinə yönəlib.
"Departament sənayeni döyüş sursatı istehsalını genişləndirməyə çağırdı və RTX şirkəti bu çağırışa səs verdi", - ABŞ müdafiə nazirinin satınalmalar və təminat üzrə müavini Maykl P. Daffi deyib.
Onun sözlərinə görə, müqavilənin bağlanması Vaşinqtonun imkanlarını artıracaq və amerikalı hərbi qulluqçuları döyüş əməliyyatları aparmaq üçün lazımi vasitələrlə təmin etməyə imkan verəcək.
Bundan əlavə, razılaşma ABŞ Müdafiə Nazirliyinin kritik vacib silahların tədarükünün sürətləndirilməsini və onların satınalma müddətlərinin qısaldılmasını nəzərdə tutan Satınalmaların Transformasiyası Strategiyasının bir hissəsidir.
.
