Sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Beləliklə, 44 gün ərzində Ordumuz mümkün olmayanı bacardı, “keçilməz” deyilən sədləri yardı keçdi, “yenilməz” deyilən ordunu darmadağın etdi, Əlbəttə ki, bu asan deyildi. Hər gün gələn Qələbə xəbərləri onlarla Vətən oğlunun qəhrəmanlığı, şücaəti, canı-qanı hesabına başa gəlirdi. Ölkə başçımızın da dediyi kimi müharibəni müasir silah, texnika yox Azərbaycan əsgəri, Azərbaycan zabiti apardı, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgər idi, düşməni məhv edən də əsgər idi. Həmin 44 gündə bütün xalq birlik göstərir, bir yumruq kimi birləşərək Ordumuza, Ali Baş Komandanımıza dəstək verir, torpaqlarımızın qarış-qarış işğaldan azad olunması xəbərini sevinclə qarşılayırdı.

Hələ müharibənin ilk başladığı gündə, 27 sentyabr tarixində ilk qələbə sədalarımız gəldi. O an 30 illik qələbə həsrətində olan xalqın qəlbi doldu-daşdı. Həmin anların sevincini sözlə ifadə etmək mümkün deyil. Növbəti qələbə xəbərimiz düz bir həftə sonra, daha dəqiq müharibənin yeddinci günündə gəldi. Ali Baş Komandanımız xalqımıza qələbə müjdələri verdi, Suqovuşan, ardınca da Talış kəndi işğaldan azad edildi. Qeyd edək ki, hər iki mövqe öz strateji əhəmiyyəti ilə də diqqət çəkirdi. Artıq həmin anlar 1 il geridə qaldı, lakin bizim uğurlarımız gündən-günə daha da artdı, işğaldan azad olunan ərazilərimizə yeni nəfəs gəldi. Prezident İlham Əliyevin 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsinə səfərləri həmin ərazilərdə Azərbaycan bayrağını ucaltması, bərpa işləri ilə tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirakı məhz qələbəmizin uğurlu nəticəsidir.

Suqovuşan qəsəbəsinin işğaldan azad olunması Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin qəhrəmanlıq nümunələri olmaqla yanaşı, ölkə üçün böyük strateji əhəmiyyətə də malik hadisə idi. Suqovuşan yaşayış məntəqəsinin işğaldan azad edilməsi həm hərbi, həm də strateji mənada işğalçı ölkənin bütün planlarını pozmuşdu. Belə ki, Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər yaratdı. Bununla bağlı Suqovuşan qəsəbəsinə səfəri zamanı danışan İlham Əliyev qeyd etdi ki, Suqovuşan ərazisində düşmənin bir çox canlı qüvvəsi yerləşdirilmişdi və ordumuzun bu qələbəsindən sonra düşmən müharibənin sonuna kimi bu qüvvədən istifadə edə bilmədi. Cənab İlham Əliyev daha sonra bu ərazidə yerləşən Suqovuşan su anbarının strateji əhəmiyyətindən də danışaraq bildirdi ki, anbarın əsası Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. İllər sonra onun davamçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həmin ərazilər yenidən işğaldan azad edilərək öz doğma sahiblərinə qaytarıldı. O da xüsusi olaraq qeyd edilməlidir ki, işğal dövrü ərzində rəsmi İrəvan Suqovuşan su anbarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Belə ki, ermənilər yay mövsümündə suyu kəsir, qış mövsümündə isə buraxırdılar. Bununla da, yayda kəndlilərimiz, fermerlərimiz susuz qalır, qışda isə daşqınlara səbəb olan təbii fəlakət törədilirdi. İndi isə bu ərazi yenidən Azərbaycanın nəzarətinə keçib və 30 il ərzində ilk dəfə olaraq Tərtər, Goranboy, Ağdam və digər rayonlara su verilməkdədir. İlham Əliyev çıxışı zamanı onu da

bildirmişdir ki, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər yekunlaşmış və istifadəyə verilmişdir.

Çıxışı zamanı Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu ərazilər işğaldan azad edildikdən sonra düşmən mənəvi-psixoloji sarsıntı keçirdi. Düşmənin on minlərlə fərrarisi oldu və belə bir ordunun qələbə qazanması mümkünsüz idi. Həmin zaman düşmən yalan təbliğat aparır, azad olunan əraziləri döyüş gedən ərazi kimi təqdim edirdi. Ancaq yekunda kimin haqlı, kimin öz xalqını belə aldadan yalançı lider olduğu məlum oldu. Son günə qədər reallıqları gizlədən Paşinyan sonunda məcbur qalaraq öz ölkəsinin kapitulyasiyasına imza atdı. Hələ də Ermənistanda və rəsmi İrəvanda 10 noyabr günü baş verənlər unudulmayıb. Qəzəbli xalqın küçələrə axışması, ölkənin az qala vətəndaş müharibəsi ərəfəsinə çatması, baş nazirin belə öz kabinetinə daxil ola bilməməsi, onun evinin canlı yayımda qarət edilməsi və s. Beləliklə, hər kəs İkinci Qarabağ müharibəsindən dərs almalı, onun nəticələrini düzgün təhlil etməli və hər hansı bəyanat səsləndirərkən yaxşı-yaxşı düşünməlidir. Xüsusilə, Ermənistan anlamalıdır ki, revanşist fikirlər səsləndirmək, bu arzu ilə yaşamaq onun uçuruma doğru irəliləməsidir. Nə Ermənistanda, nə də ona havadarlıq edən ölkələrdə bir həqiqət unudulmamalıdır: “Dəmir yumruq” yerindədir və lazım gələrsə Ermənistan yenə bu yumruğun gücünü hiss edə bilər.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi

.