“Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası bir daha göstərdi ki, enerji artıq təkcə iqtisadi məsələ deyil, geosiyasi sabitliyin əsas sütunlarından biridir. On iki il əvvəl əsası qoyulan təşəbbüsün bu gün də davamlı platforma kimi fəaliyyət göstərməsi strateji baxışın düzgünlüyünü təsdiqləyir. Həmin dövrdə dialoq və qarşılıqlı etimad mexanizmi kimi formalaşan bu format indi Avrasiyanın enerji təhlükəsizliyinin mühüm koordinasiya mərkəzinə çevrilib. Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, zaman keçdikcə birgə müzakirələrin əhəmiyyəti daha aydın görünür. Bu fikir təsadüfi deyil. Çünki son illər qlobal enerji bazarında müşahidə olunan kəskin dalğalanmalar, təchizat zəncirlərində yaranan qırılmalar göstərdi ki, sabit və etibarlı tərəfdaşlıq mexanizmləri olmadan enerji təhlükəsizliyini təmin etmək mümkün deyil. Azərbaycan məhz bu boşluğu dolduraraq etibarlı təchizatçı statusunu möhkəmləndirib.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Millət vəkili ölkəmizin təbii qazla təchiz etdiyi dövlətlərin sayının artmasını da Azərbaycana olan etimadın göstəricisi olduğunu vurğulayıb: “Əgər 12 il əvvəl Azərbaycan qazı 12 ölkəyə çatdırılırdısa, bu gün həmin coğrafiya 16 dövləti əhatə edir. Bu artım təkcə statistik göstərici deyil, siyasi etimadın ifadəsidir. Boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz ixrac edən dövlət kimi Azərbaycanın mövqeyi həm iqtisadi, həm də diplomatik uğurun göstəricisidir. Xüsusilə Avropa bazarında yeni istiqamətlərin – Almaniya və Avstriyanın – əlavə olunması Cənub Qaz Dəhlizinin strateji çəkisini artırır və enerji marşrutlarının şaxələndirilməsinə real töhfə verir. Azərbaycanın enerji siyasətində diqqət çəkən məqamlardan biri də əlbəttə ki, humanitar ölçüdür. Suriyaya 1,5 milyard kubmetr qazın tədarükü yalnız kommersiya layihəsi deyil, sosial sabitliyə dəstək addımı kimi qiymətləndirilə bilər. Enerji təminatı əhalinin gündəlik həyat keyfiyyətinə, iqtisadi fəallığa və təhlükəsizliyə birbaşa təsir göstərir. Bu baxımdan Bakı regional məsuliyyətini praktik addımlarla nümayiş etdirir. Gələcək planlar isə daha geniş perspektiv vəd edir. “Şahdəniz” yatağının yeni mərhələsi üzrə 2028-ci ildən etibarən əlavə 10–15 milyard kubmetr qaz hasilatı potensialı Azərbaycanın ixrac imkanlarını daha da artıracaq. Bu isə həm mövcud tərəfdaşların tələbatının qarşılanması, həm də yeni bazarlara çıxış üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyev məhz bu strateji perspektivə istinad edərək Avropa enerji bazarında mövcudluğun genişləndirilməsinin davamlı xarakter daşıdığını bəyan etdi. Diqqət çəkən digər məqam Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinin yalnız qaz ixracı ilə məhdudlaşmamasıdır. Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə olunması və Serbiya ilə 500 meqavatlıq yeni layihə üzrə razılaşma Bakının regional enerji arxitekturasında aktiv investor kimi çıxış etdiyini göstərir. Bu, Azərbaycanın artıq təkcə xammal ixracatçısı deyil, enerji infrastrukturunun qurucusu və idarəedicisi kimi mövqeləndiyini sübut edir. Beləliklə, enerji təhlükəsizliyi ilə iqtisadi inkişaf arasında qurulan bu balans ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir və onu qlobal enerji xəritəsində aparıcı aktorlardan birinə çevirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

.