İnternet-media adına iddialı saytlardan birində Mərkəzi Neftçilər Xəstəxanası haqqında "qarayaxma xarakterli” yazı yerləşdirilmişdi. Ona görə "qarayaxma” ki, media qurumları və ya media qurumlarının səlahiyyət çərçivəsini bölüşən yazarlar faktlara əsaslanmanı özlərinin bir nömrəli vəzifələri hesab etməlidirlər. Bu son dərəcə vacib prinsip isə bu yazıda qətiyyən gözlənilməmişdi. Mətbuatın tarixindən bizlərə bəlli olan bu tendensiyanı media yazılarında görməyəndə istər-istəməz mətbuatımızın indiki vəziyyəti barədə xoşagəlməz mənzərə təəssüf hissilə gözlərimiz önündə canlanır… hətta ürəyimizi də bulandırır.
Amma bütün hallarda mediada gedən yazıların cəmiyyətimizi narahat edə biləcək problemlərə söykənəcəyinə inanmaq istədiyimizdən burada adı çəkilən məsələləri də aydınlaşdırmaq qərarına gəldik.
Ona görə də "Neftçilər Xəstəxanasında özbaşınalıq” adlı "yazı”da qeyd edilən məsələlərə aydınlıq gətirmək istədik. Telefon zəngimizə cavab verən Mərkəzi Neftçilər Xəstəxanasının direktor müavini Nadir Mehdiyev həmin yazıda qeyd edilən bütün fikirlərin müəllifin və ya sayt rəhbərliyinin taftoloji düşüncəsinin məhsulundan başqa bir şey olmadığını söylədi. "Təsəvvür edin ki, media yazısı adlandırılan o cızmaqarada bircə kəlmə fakta, arqumentə söykənəcək ifadə belə yoxdur. Adam bu tipli yazıları digər ölkələrin media məhsulları ilə müqayisə etməyə belə xəcalət çəkir” – deyən direktor müavini əvvəlcə bizlərə Neftçilər Xəstəxanası haqqında Azərbaycan Hökumətinin konkret qərarını şərh etdi.
Məlum oldu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2012-ci il tarixli 21 saylı qərarına əsasən Mərkəzi Neftçilər Xəstəxanası tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərir. Bu dövrdən etibarən hətta neftçilərin özləri belə adıçəkilən xəstəxanada pulsuz müalicə və müayinə oluna bilmirlər. Sadəcə fərq onların sığorta hesabına öz müayinə və müalicələrini burada davam etdirə bilmələrindədir.
Digər – sıravi vətəndaşlara gəlincə isə, onların müayinə və müalicəsi xəstəlik məxariclərinə müvafiq olaraq mütləq rəsmi qəbz alınmaqla həyata keçirilir.
Yazılan digər "faktlara” da aydınlıq gətirən direktor müavini "xəstəxananın həyətində maşınların park edilməsi”, guya "kimlərinsə makler fəaliyyəti göstərməsi”, "xəstəxanaya verilən dərmanların apteklərdə satdırılması” və s. barədə yazılanların heç bir konkret faktdan qaynaqlanmadığını, sadəcə qarayaxmalardan ibarət olduğunu bildirdi.
Xəstəxana gətirilən zədəli xəstələr barədə hüquq-mühafizə orqanlarının bilgiləndirilməsi isə qanunvericiliyə məntiqlə əməl olunmasıdır. Əgər burada cinayət əməlləri gizlədilsəydi həmin sayt və müəllif bu əmələ haqq qazandıracaq idimi?! Maraqlıdır, bəs bu fikirlərin arxasında hansı məntiq dayanır?!..
"Yenizaman.az”
