Azərbaycanın Milli Qəhrəmanı Samit İmanovun 35 yaşı tamam olur. Qəhrəmanın doğulduğu Neftçala rayonunda anım mərasimi keçirilib. Yenizaman.az ARB Cenub-a istinadən xəbər verir ki, Neftçala rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Neftçalada Heydər Əliyev mərkəzində keçirilən anım mərasimində rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qəhrəmanın ailə üzvləri, zabit yoldaşları və gənclər iştirak ediblər.
Anım tədbirindən əvvəl Milli Qəhrəman Samit İmanovun qısa, lakin şərəfli həyat yolundan bəhs edən sərgiyə baxış olub. Ardınça keçirilən tədbirdə qeyd olundu ki, Samit Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra Ali Hərbi məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra Türkiyədə və digər xarici ölkələrdə kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir sıra vəzifələri icra etməklə hərbi hissənin komandir müavini vəzifəsinə kimi yüksəlib. 6 medalla təltif olunub. Bu ilin aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçıların törətdikləri təxribatın qarşısını almaq üçün əsl qəhrəmanlıq göstərib. Hətta həmin döyüşdə cəsur komandir.yaralansa da əsgərlərinin ön döyüş meydanından çıxarılmasına etiraz edib və yaralı gizirin xilas edilməsini əmrini verib.Bildirək ki,mayor Samit İmanov düşmən əlinə keçməsin deyə sürünə-sürünə yerini dəyişib və qanaxmadan dünyasını dəyişib. Şəhidlik zirvəsinə ucalan qəhrəman doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.Anım mərasimində o da bildirildi ki, ölkə başçısınn sərəncamı ilə mayor Samit İmanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Tədbirdə Samit İmanovun ön cəbhədə göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnək olacağı xüsusi vurğulanıb.
