"Büdcənin xərclər hissəsində lazımı düzəlişlər ediləcək".
APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ilk növbədə manatın yeni məzənnə siyasəti ilə bağlı qiymət artımının təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar nəzərdə tutulur: "Bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq".
S. Şərifov qeyd edib ki, əmək haqlarının artırılması, eyni zamanda məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb.
"Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər büdcə dəyişikliklərində əksini tapmalıdır", - deyə nazir bildirib.
"İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq".
APA-nın məlumatın görə, bunu  da maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir: "İlk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Çünki bu fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin və bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara bunu təqdim edə bilsin".
S. Şərifov qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur: "Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb".



.