Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rahat Əliyev Vyana həbsxanasında vəfat edib.
Yenizaman.az saytı Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, R.Əliyevin ölümünə səbəbə intihardır.
Avstriyanın "Kurier” nəşrinin məlumatına görə, R.Əliyev öz kamerasında asılmış vəziyyətdə tapılıb. Bu fakt Vyana məhkəməsindən də təsdiq edilib. R.Əliyevin vəkili onun intiharının inandırıcı olmadığını deyib.
Xəbərdə o da bildirilir ki, R.Əliyev bu günlərdə təkadamlıq kameraya köçürülübmüş. İnsidentdən bir gün qabaq vəkili R.Əliyevlə görüşüb və onunla cinayət işinə dair bir sıra məsələləri müzakirə edibmiş.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva ilə evli olmuş Rahat Əliyev 2007-ci ilə qədər Qazaxıstanın Avstriyadakı səfiri olub. O, 2008-ci ildə öz ölkəsində ağır cinayətlər törətməkdə, vətənə xəyanətdə və dövlət çevrilişinə hazırlıqda ittiham edilərək üst-üstə 40 il həbs cəzasına məhkum olunmuşdu. Bu məhkəmə hökmləri qiyabi şəkildə çıxarılmışdı. Çünki R.Əliyev 2007-ci ildən bəri xaricdə gizlənirdi.
Avstriyanın hüquq-mühafizə orqanları R.Əliyevi 2014-cü il, iyunun 5-də Vyanada həbs edib. Qazaxıstan Baş Prokurorluğu o zaman bəyan etmişdi ki, R.Əliyev "Nurbank”ın top-menecerləri Timralıyev və Xasenovun oğurlanması və qətli üzrə aparılan istintaq araşdırmalarının nəticələri əsasında həbs olunub.
Qeyd edək ki, virtualaz.org saytı bir müddət öncə bu sensasion ittihamlarla bağlı ""Əliyevin işi”: 30 milyon dollara görə qətl" başlıqlı geniş yazı ilə çıxış etmişdi. Həmin məqalə ilə bu link vasitəsilə tanış ola bilərsiniz.  .