Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, tibb elmləri namizədi, dossent olan sabiq baş həkim H.Həsənov və M.Şamçıyeva heç vaxt ailə həyatı qurmayıblar.
Təqsirləndirilən baş həkim H.Həsənovun vəkili məhkəmədə vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi H.Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
H.Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Mətanət Şamçiyevanın barəsində isə həbs qətimkan tədbiri seçilməyib. Onun barəsində polis nəzarərinə verilmə qətimkan tədbiri seçilib.
.