Yeni yaradılan bu qeyri-hökumət təşkilatının sədri Cavid Cəfərzadə təşkilatın məqsəd və məramı barədə məlumat verərək söyləmişdir ki, "çoxmədəniyyətlilik və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti inkişaf etdirmək və onu formalaşdırmaq hər bir vətəndaşın borcudur. Bu gün Azərbaycanda multikulturalizmin durmadan inkişafını müşahidə edirik. Multikultiral dəyərlərin daha geniş sferanı əhatə etməsi uğrunda ölkəmizdə yeridilən siyasət artıq cəmiyyətin ən aktual məsələlərindən birinə çevrilir. Müxtəlif etnik-qrupların əsrlər boyu mədəni irsinin qorunmasında, eləcə də birgəyaşayışının təmin edilməsində multikulturalizm çox mühüm bir vasitədir”.
Multikulturalizm bir sosial hadisə kimi xarakterizə edən birlik üzvləri yeni yaradılan qurumun ümumbəşəri dəyərlərin ölkəmizdə inkişafına da töhfə verəcəyini söyləyirlər: "Multikultiralizm demokratiyaya, tolerantlığa, siyasətə, mədəniyyətə, iqtisadiyyata bilavasitə təsir edir. Hələ qədim dövrlərdə ədəbi-bədii qaynaqlarımızda öz əksini tapan multikulturalizm bu gün bir dövlət ideologiyasına çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili "multikulturalizm ili” elan etməsi ölkəmiz üçün çox böyük və tarixi əhəmiyyətə malikdir. Azərbaycanda yaşayan azsaylı xalqlar və etnik qrupların hüquqlarının qorunması və dini məzhəblərin öz dini etiqadlarını sərbəst şəkildə icra etmələri Azərbaycanda multikultural dəyərlərin mövcudluğundan xəbər verir. Dilindən, dinindən, irqindən, cinsiyyətindən aslı olmayaraq Azərbaycanda yaşayan və bu ölkənin vətəndaşı olan hər bir kəs bu ölkədə yaşamaq və yaratmaq hüququna malikdir. Multikultural dəyərlər mədəniyyət, milli kimliyin irsən qoruyucusu, eləcə də nizam-intizamlı davranış üsulu deməkdir. Yeni yaradılan "Multikulturalizmin Gənclər Arasında Təbliği” İctimai Birliyinin əsas məqsədi də dövlətimizin ideologiyasına çevrilən multikultural dəyərləri gənclər arasında təbliğ etmək, ölkədə yaşayan azsaylı xalqların hüquqlarını qorumaq, tolerantlığı, demokratiyanı və multikulturalizmin mənəvi əhəmiyyətini cəmiyyətə çatdırmaqdan ibarətdir”.
