“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalara uyğun olaraq, biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün sistemli iş aparırıq”.

Bunu Rusiyanın baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla Avrasiya Hökumətlərarası Şurasının Avrasiya İqtisadi İttifaqı ölkələrinin hökumət başçılarının iştirakı ilə keçirilən iclas çərçivəsində baş tutan görüşdə deyib.

“Yeni infrastruktur marşrutlarının yaradılması ümumilikdə regionun bütün dövlətlərinin maraqlarına cavab verir”, - M.Mişustin əlavə edib.

Paşinyan: Regional kommunikasiyaların açılması məsələsində irəliləyiş əldə olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyişdən danışıb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

“Nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam”,- deyə Paşinyan bildirib.

Ermənistanın hökumət başçısı ölkəsinin regionda nəqliyyat kommunikasiyalarının açılması üçün hazır olduğunu qeyd edib:

“Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir”, - deyə erməni Baş nazir bildirib.

.