Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

Müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri və digər şəxslər iştirak edir.

Audiovizual Şura yaradılacaq, audiovizual media tənzimlənəcək

Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni Azərbaycan Respublikası Audiovizual Şurası (Şura) həyata keçirəcək.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Audiovizual media televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır.
Layihəyə əsasən, Şuranın fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Şura müstəqil balansa, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara, blanklara və bank hesablarına malik olacaq. Şura təşkilati və funksional müstəqilliyə malikdir və onun fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Şuranın strukturunu və işçilərinin say həddini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Şuranın fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:
- audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;
- audiovizual media sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək.
- bu Qanunla müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
Şuranın vəzifələri aşağıdakılar olacaq:
- audiovizual media sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- audiovizual media sahəsində normativ xarakterli aktlar qəbul etmək;
- audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəricilərini müəyyən etmək;
- audiovizual media subyektləri üçün lisenziyalar vermək;
- audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar həyata keçirmək; - bu Qanunla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq audiovizual media subyektləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;
- “İctimai televiziya və radio yayımı haqqında” qanunda göstərilən təşkilatlardan Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işini təşkil etmək;
- yerüstü yayımın radiotezlik planlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə həyata keçirmək;
- xarici audiovizual yayımçının proqramlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq vermək;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Şuranın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
- audiovizual media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
- Şuraya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, veb-saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- Şuranın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
- Şuranın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- bu Qanundan irəli gələn digər vəzifələri yerinə yetirmək.
Öz vəzifələrini yerinə yetirmək üçün Şuranın aşağıdakı hüquqları olacaq:
- audiovizual media sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
- audiovizual media sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
- audiovizual media sahəsi üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
- fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
- müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
- bu Qanundan irəli gələn digər hüquqları həyata keçirmək.
Şura sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Üzvlərin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
Aşağıdakı şəxslər Şuranın üzvü ola bilməzlər:
- ali təhsili olmayanlar;
- ikili vətəndaşlığı və ya başqa dövlətlər qarşısında öhdəliyi olanlar;
- dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutanlar, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar;
- din xadimləri;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
- ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş şəxslər;
- media subyektləri və onların təsisçisi (iştirakçısı) olan şəxslər.
Şuranın üzvləri səlahiyyət müddəti qurtaranadək yalnız aşağıdakı hallarda öz vəzifələrindən azad ediləcəklər:
- öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
- dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;
- din xadimi olduqda;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
- ağır və xüsusilə ağır cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
- media subyekti və onun təsisçisi (iştirakçısı) olduqda.
Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə Şuranın sədrini seçirlər. Şura xərclər smetası daxilində Şura aparatının strukturunu təsdiq edir.
Azərbaycan Respublikası Audiovizual Şurasının üzvlərinin təminatı qaydası da müəyyənləşir. Layihəyə əsasən, Şura sədrinin aylıq vəzifə maaşı mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin aylıq vəzifə maaşına , Şuranın digər üzvlərinin aylıq vəzifə maaşı isə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin müavininin aylıq vəzifə maaşına bərabər tutulacaq. Şuranın üzvlərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı veriləcək.

Media subyektləri 4 kateqoriyaya bölünəcək

Media subyektləri 4 kateqoriyaya bölünəcək.

Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, audiovizual, çap, onlayn və informasiya agentlikləri media subyektləridir.

Onlar aşağıdakı kimi təsnifləşdirilir:
- Audiovizual media – televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media;
- Çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media;
- Onlayn media – audiovizual media və çap mediası istisna olmaqla mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media;
- İnformasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media.

Azərbaycan Media Reyestrinə daxil edilmiş jurnalistlərin fəaliyyətini məhdudlaşdıran dövlətlərin jurnalistlərinə məhdudiyyət tətbiq edəcək

Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.

Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılacaq.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənəcək.

Jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir. Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.

Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu qanuna müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu qanunla müəyyən edilmiş statusu şamil edilir. Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada akkreditə olunmamış əcnəbi müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin müxbirlərinin peşə fəaliyyətini həyata keçirmək üçün öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitəsi müxbirlərinə münasibətdə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.

Jurnalistlər güzəştli kreditlərdən yararlana biləcəklər

Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:
- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Yayımın hansı hallarda 24 saat, 1 ayadək və dərhal dayandırılacağı müəyyənləşir

İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin təbliği ilə bağlı tələblər pozulduqda Audiovizual Şura tərəfindən yayım 24 saat müvəqqəti dayandırılacaq.

Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, eyni zamanda əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol veriləndə, zorakılıq və qəddarlıqla, bağlı tələblər pozulduqda da yayım Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.

Eyni zamanda mediada dərc olunan və (və ya) yayımlanan informasiyada parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir. Bu tələblər pozulduqda da yayım Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq. Həmçinin mediada dərc olunan və (və ya) yayımlanan informasiyada pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsi ilə bağlı tələb pozulduqda da yayım Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.

Layihəyə əsasən, hərbi və fövqəladə vəziyyət dövründə media subyektlərinin və jurnalistlərin fəaliyyətinə dair tələblər pozulduqda yayım Audiovizual Şuranın qərarı ilə 1 aya qədər dayandırılacaq. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi və terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyəti ilə bağlı tələblər pozulduqda da yayım Şuranın qərarı ilə 1 gündən 1 ayadək müddətə müvəqqəti dayandırılacaq.

Şuranın qərarı ilə yayım 1 gündən 1 ayadək müddətə Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməsi və terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməsi ilə bağlı tələblər pozulduqda da dayandırıla bilər.

Audovizual Şura Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçiririlməsinə yönələn məlumatlar yayımladıqda yayımın dərhal dayandırılması barədə qərar qəbul etməlidir. Layihəyə əsasən, qeyd edilən hallarda Şura yayımçının lisenziyasının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bu hallarda Şuranın qərarı ilə yayım 1 gündən 1 ayadək müddətə müvəqqəti dayandırılacaq.

Şura tərəfindən yayımın dayandırılması barədə qərarın surəti dərhal məlumat üçün audiovizual yayımçıya, icra üçün infrastruktur operatoruna, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və platforma operatorlarına göndərilməlidir.

Mediada xəbər “oğurluğu”nun qarşısını almaq üçün mexanizm formalaşdırılır

Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Bu məhdudiyyətlər dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcək. Bu Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımayacaq.

Qanunun 77.2-ci maddəsi mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalistin aşağıdakı hallarda məsuliyyət daşımadığını nəzərdə tutacaq:
- həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;
- həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
- həmin məlumat Milli Məclisin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
- həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə.

Azərbaycanda partiyalar və dini qurumlar telekanal, xəbər saytı, informasiya agentliyi təsis edə bilməyəcək

Media subyektinə dair tələblər müəyyənləşir.

Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, media subyektinə dair tələblər aşağıdakılardır:
- təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
- media subyekti fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- yuxarıda nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.
Layihəyə əsasən, aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- siyasi partiyalar (çap mediası istisna olmaqla);
- dini qurumlar (çap mediası istisna olmaqla).
Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 ay müddətində Şuraya təqdim olunmalıdır. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir.
Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə qanunun tələblərinə cavab verməlidir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər. Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).

Dövlət orqanlarının qəzet təsisçisi olmasına dair qadağa və istisna hallar müəyyənləşir

Çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.

Xarici şirkətlər, əcnəbilər çap və onlayn media məhsulunun 25 faizinə sponsorluq edə biləcək

Çap mediası və onlayn media subyektlərinin fəaliyyəti və media məhsullarının yayımlanması Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasının hüquqi şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, “Reklam haqqında” qanun ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər.
Qeyd edilib ki, çap mediası və onlayn media subyektlərinə sponsorluq jurnalistin müstəqilliyinə təsir edə bilməz. Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Sponsor reklamı “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanır.

Media Reyestrində olan jurnalistlərə 3 illik jurnalist vəsiqəsi veriləcək

Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.

Onlayn mediada təkzib, cavab və düzəliş verilməsi qaydası müəyyənləşir

Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3) ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.

Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Media Reyestrindən çıxarıldığı gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.

Media subyektlərinin hansı hallarda Media Reyestrindən çıxarılacağı məlum olub

Media subyektləri mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə Media Reyestrindən çıxarılacaq.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qəzetlərin davamlı yayımlanan nəşr olmasına və onlayn media subyektinin (redaksiyaları) davamlı hesab olunması ilə bağlı tələbləri pozulduqda media subyektləri Media Reyesterindən çıxarılacaq.
Eyni zamanda aşağıdakı hallarda media subyektləri Media Reyestrindən çıxarılacaq:
- fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
- Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə;
- audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.

Media Reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:

- jurnalistin ərizəsi olduqda;
- ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Media Reyestrindən çıxarıldıqda;
- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.
Jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ləğv edilir və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.
Şuranın lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar barədə məlumatı Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrindən çıxarılacaq.

Azərbaycanda media azadlığına dair əsas prinsiplər açıqlanıb

Azərbaycan Respublikasında media azaddır, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.

Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Media sahəsində fəaliyyət azadlığı yalnız bu qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində bu qanunun tələblərinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikası Audiovizual Şurası və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirir.

“Media haqqında” qanunun şamil ediləcəyi və edilməyəcəyi subyektlər müəyyənləşir

“Media haqqında” qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil ediləcək.

Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun müddəaları aşağıdakılara şamil edilməyəcək:

- media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyaya;

- kütləvi informasiyanın yayılması istisna olmaqla informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya).

Qanun layihəsinə əsasən, media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənəcək.

İnformasiyaya dair tələblər müəyyənləşir

Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər müəyyənləşir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Laihəyə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:
- Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
- Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
- dövlət dili normalarına riayət edilməlidir;
- irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
- terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
- əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
- şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
- şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
- böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
- sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
- faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
- parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
- pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
- Yerüstü yayımçı proqramlarında bu tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir. Yerüstü yayımçı proqramlarında yalnız Audiovizual Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər.

Onlayn mediada təkzib, cavab və düzəliş verilməsi qaydası müəyyənləşir

Onlayn mediada təkzib, cavab və düzəliş verilməsi qaydası müəyyənləşir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, onlayn mediada təkzib və ya cavabın mətni təkzib və ya cavab vermək hüququnun yaranmasına səbəb olmuş materialın yayımı üsuluna uyğun şəkildə yayımlanmalıdır (eyni həcmdə, eyni vaxtda, həmin veb-saytda, veb-səhifədə və ya veb-saytın həmin bölməsində və s.). Bu zaman hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin onlayn media subyektində nə vaxt və necə yayımlandığı göstərilməlidir.
Təkzib və ya cavab mətnini orijinal nəşrdə olduğu kimi həmin veb-səhifədə və ya veb-saytın həmin bölməsində yerləşdirmək mümkün olmadıqda onlayn media subyekti müvafiq materiallar (paylaşımlar) arasında hiperlinklərin yaradılmasını təmin etməli və orijinal mətnin yanında bu materialda (paylaşımda) olan məlumatın təkzib edildiyinə və ya cavab verildiyinə dair bildiriş yerləşdirməlidir.

Media subyektlərinin yayımladığı materialları saxlamasına dair tələblər qoyulur

Media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasına dair tələblər müəyyənləşir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, audiovizual yayımçılar öz proqramlarını 3 ay müddətində saxlamalıdırlar. Seçkiqabağı və referendumqabağı təşviqata aid audiovizual proqramların audio və (və ya) videoyazısı aparılmalı, həmin yazılar yayımlandığı gündən 12 ay müddətində müvafiq audiovizual yayımçı tərəfindən saxlanılmalıdır. Audiovizual yayımçı ödənişli və ödənişsiz efir vaxtının ayrılmasına dair hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdır.

Dini ekstremizm əleyhinə əməliyyatlar barədə məlumatın verilməsinə dair məhdudiyyətlər müəyyənləşir

Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi zamanı məhdudiyyətlər müəyyənləşir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilməyəcək.
Beləliklə, aşağıdakı məlumatların yayılmasına yol verilmir:
- dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
- dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
- dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
- dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.

Azərbaycanda media sahəsində dövlətin vəzifələri müəyyənləşir

Media sahəsində dövlətin vəzifələri müəyyənləşir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
- media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;
- Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;
- istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;
- medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;
- media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;
- media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;
- Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək;
- ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.

Jurnalist fəaliyyətinin təminatları açıqlanıb

Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər.

.